“Qohum nikahları qanunla qadağandır” mövzusunda maarifləndirici tədbir keçirilib
8 iyul 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrup”unun təşkilatçılığı ilə Şirvan-Salyan Regional Təhsil idarəsinin tabeliyində olan Bankə qəsəbə S.Vurğun adına 2 saylı tam orta məktəbdə Ailə Məcəlləsində, Cinayət və İnzibati Xətalar Məcəllələrində edilən dəyişikliklərlə əlaqədar “Qohum nikahları qanunla qadağandır” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirə başlamazdan öncə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, monitorinq və əlaqələndirmə qrupunun katibi Gövhər Məmmədova bildirdi ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi haqqında” – 28 iyun 2024-cü il tarixində qəbul edilmiş və 1 iyul 2025-ci ildən etibarən qüvvədə olan dəyişikliyə əsasən erkən evlilik və qan qohumları arasında bağlanan nikahlar rəsmi olaraq ləğv edilib, birinci və ikinci dərəcəli qohumlar arasında nikah bağlanması qadağan olunub. Qanunvericilikdə edilən bu dəyişiklik Azərbaycan Respublikası Milli Məclisinin qərarı və aidiyyəti dövlət orqanlarının rəyi əsasında qəbul edilib. Qeyd edilib ki, həmin qanunda qohum nikahlarının irsi xəstəliklərin artmasına səbəb olması və bu nikahların psixoloji və sosial fəsadlar doğurması göstərilir və qanuna edilən dəyişiklik ictimai sağlamlığın qorunması, gələcək nəsillərin rifahı və ailə institutunun möhkəmləndirilməsi məqsədini daşıyır.
Daha sonra mövzu ətrafında çıxış edən digər natiqlər Rayon Ağsaqqalar Şurasının sədr müavini Hüsniyyə Zeynalova və həkim-mama-ginekoloq Taliyyə Mustafayeva bildirdilər ki, bu dəyişikliklər ictimaiyyətdə müsbət qarşılanmış, əksər mütəxəssislər və həkim- genetiklər bu addımı düzgün və vaxtında atılmış bir islahat kimi qiymətləndirmişlər. Qeyd olundu ki, Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən birgə aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, qohum nikahları nəticəsində dünyaya gələn uşaqlarda genetik xəstəliklərin riski əhəmiyyətli dərəcədə artır və bu faktlar qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi zərurətini yaradıb.
Tədbirdə mövzunu əhatəli şəkildə şərh edən video-çarx iştirakçıların diqqətinə çatdırılıb və yaranan suallar çıxışçılar tərəfindən cavablandırılıb.







