Neftçalalı abituriyentlərlə görüşü keçirilib
01 avqust 2022 | 09:11
27.07.2022-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşlarının neftçalalı abituriyentlərlə görüşü keçirilib. Görüşdə məqsəd Agentliyin Mərkəzi Karyera filialı tərəfindən ölkənin 11 iqtisadi-coğrafi rayonunu əhatə edəcək “İxtisas bələdçisi” layihəsi çərçivəsində abituriyentlərə peşə və ixtisas seçimi sahəsində maarifləndirmə və karyera məsləhət xidmətlərinin göstərilməsi olub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin əməkdaşları, müəllimlər, valideynlər və abituriyentlər iştirak edib.
Agentliyin Mərkəzi Karyera filialının əməkdaşları tərəfindən görüş iştirakçılarına ixtisas seçiminin aparılma qaydaları, insanın öz potensialını müəyyənləşdirməsi, əmək bazarı haqqında, gələcəkdə önəmli olacaq sahələr, ixtisas seçimi edərkən abituriyentlərin qarşılaşdığı suallar, kodlaşdırma və s. məsələlər barədə geniş məlumat verilib. Görüş qarşılıqlı müzakirələrlə davam edib və iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.