Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada “Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması” proqramının yekun təlimi və rəsmi bağlanış mərasimi keçirilib

07 sentyabr 2026 | 19:07
5 sentyabr 2026 tarixdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA İB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP Azərbaycanın maliyyə dəstəyi ilə icra olunan “Yaşıl maliyyə və iqlim risklərinin idarə olunması” peşəkar inkişaf proqramı çərçivəsində sonuncu təlim uğurla başa çatıb. “Su resurslarının idarə olunması və iqlim adaptasiyası strategiyaları” mövzusuna həsr olunan təlim Neftçala Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Neftçala Olimpiya İdman Kompleksində təşkil edilib. Yekun tədirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Günay Şahbazova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, ekoloq, hidroloq və iqlim dəyişiklikləri üzrə mütəxəssis Amin Məmmədov, layihə rəhbəri və koordinatorlar, dövlət qurumları, bələdiyyələr, təhsil müəssisələri və özəl sektor nümayəndələri iştirak ediblər.

Təlimi Azərbaycanın ətraf mühit və ekologiya sahəsində fəaliyyət göstərən mütəxəssis, hidroloq Amin Məmmədov həyata keçirib. Təlim zamanı iqlim dəyişikliklərinin su resurslarına təsirləri, su ehtiyatlarının səmərəli və dayanıqlı idarə olunması, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq sektorunda su resurslarından istifadənin optimallaşdırılması və iqlim risklərinə uyğunlaşma strategiyaları ətrafında geniş müzakirələr aparılıb. İştirakçılara su resursları ilə bağlı mövcud və potensial iqlim risklərinin müəyyənləşdirilməsi, onların kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi və yerli şəraitə uyğun adaptasiya tədbirlərinin formalaşdırılması üzrə praktiki yanaşmalar təqdim edilib.

Metodologiyaya uyğun olaraq, iştirakçıların mövzunu mənimsəmə dinamikasını ölçmək məqsədilə təlimin gedişində yekun qiymətləndirmə testləri (Post-test) tətbiq olunub.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Vasif Əliyev layihənin region üçün aktuallığını yüksək qiymətləndirib. O, yerli səviyyədə iqlim adaptasiyası və su resurslarının düzgün idarə olunmasının Neftçalanın sosial-iqtisadi inkişafı və ekoloji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən ARPA İctimai Birliyinin rəhbərliyi və layihə koordinatorları peşəkar inkişaf proqramının yekun nəticələrini diqqətə çatdırıblar. Qeyd olunub ki, layihə çərçivəsində hazırlanan "Praktik Metodik Bələdçi" və yerli təşkilatların real ehtiyacları əsasında ərsəyə gətirilən konseptual modellər rayonda iqlimə davamlı idarəetmə mexanizmlərinin qurulmasına uzun müddətli töhfə verəcək.

Tədbirin ən mühüm məqamlarından biri kimi, layihə çərçivəsində hazırlanmış xüsusi konseptual model Qaraqaşlı bələdiyyəsinə təqdim edilib. Bunun ardınca, bələdiyyə ərazisində iqlim risklərinin idarə olunması və dayanıqlı idarəetmə prinsiplərinin tətbiqi istiqamətində gələcək əməkdaşlığı rəsmiləşdirən niyyət protokolu imzalanıb.

Rəsmi hissədən sonra iştirakçılar arasında təlim proqramının effektivliyini, mövzuların əhatəliliyini və təşkilatçılıq səviyyəsini qiymətləndirmək məqsədilə anonim sorğu keçirilib. Sorğunun nəticələri proqramın yerli maraqlı tərəflərin ehtiyaclarına tam cavab verdiyini və onların yaşıl maliyyə prinsipləri üzrə biliklərini əhəmiyyətli dərəcədə artırdığını nümayiş etdirib.

Tədbirin yekununda proqramın modulları üzrə imtahanları uğurla tamamlayan bütün iştirakçılara 3 səviyyəli rəsmi sertifikatlar təqdim edilib, birgə xatirə fotoşəkilləri çəkilib.

 

 

Keçidlər