Neftçalada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Ümummilli lider Heydər Əliyev-müasir və qalib Azərbaycanın memarı” adlı tədbir keçirilib
5 may 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının təşkilatçılığı ilə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev-müasir və qalib Azərbaycanın memarı” adlı tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və AMEA-nın müxbir üzvü Südeyif İmamverdiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat Şöbəsinin baş məsləhətçisi Əli Axundov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları və qonaqlar ilk öncə Neftçala şəhərinin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Neftçala Olimpiya İdman Kompleksində davam edən rəsmi tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək qeyd edib ki, müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçilik tarixində müstəsna yer tutur. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyini möhkəmləndirərək hüquqi, dünyəvi və demokratik dövlət kimi möhkəm təməllər üzərində gələcəyə inamla addımlamasını təmin etmişdir.Rayon rəhbəri həmçinin, Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının ölkənin siyasi sisteminin aparıcı qüvvəsi kimi inkişaf proseslərinə verdiyi töhfələri diqqətə çatdırıb.
Müasir Azərbaycanın öz gücünü bütün dünyaya nümayiş etdirdiyini deyən Mirhəsən Seyidov qeyd edib ki, Ulu Öndərin təməlini qoyduğu müstəqil dövlətimiz bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir.
Daha sonra çıxış edənlər - Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və AMEA-nın müxbir üzvü Südeyif İmamverdiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat Şöbəsinin baş məsləhətçisi Əli Axundov və Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildiriblər ki, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri əvəzsizdir və onun müəyyən etdiyi strateji inkişaf kursu bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın elmi, təhsili və dövlət qadın siyasəti yeni mərhələyə qədəm qoymuş, ölkədə milli kadr potensialı formalaşmış və Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsinə çevrilmişdir. Eyni zamanda qeyd olunub ki, Neftçala rayonunun bugünkü sosial-iqtisadi yüksəlişi və regionların müasir siması məhz Heydər Əliyev ideyalarına sadiqliyin bariz nümunəsidir və bu zəngin dövlətçilik irsinin qorunaraq gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.
Rəsmi hissənin sonunda rayonun ictimai-siyasi həyatında və partiya işlərində fəal iştirakına görə bir qrup partiya üzvünə Fəxri Fərmanlar, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvülük vəsiqələri təqdim olunub.
Tədbir rayonun mədəniyyət ustaları və yerli incəsənət xadimlərinin hazırladığı, Ulu Öndərə və vətənpərvərliyə həsr olunmuş musiqili-bədii kompozisiyalarla yekunlaşıb.







