Neftçalada Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş minifutbol turnirinə start verilib
01 may 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idarə və müəssisələr arasında minifutbol üzrə Neftçala rayon turnirinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, aidiyyəti qurumların nümayəndələri, hakimlər və komandalar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən rəsmilər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə həyata keçirilən tədbirlərin mühüm əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, belə yarışlar kollektivlər arasında sağlam rəqabətin formalaşmasına və əməkdaşlığın güclənməsinə töhfə verməklə yanaşı, idmana marağın artırılmasında və sağlam həyat tərzinin təbliğində də xüsusi rol oynayır.
Eyni zamanda Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, onun gənclərə və idmana göstərdiyi diqqət və qayğının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. İştirakçılara isə uğurlar arzulanıb.
Sonra minifutbol üzrə rayon turnirinin oyunlarına rəsmi start verilib.







