Neftçalada taxıl biçinindən yüksək məhsuldarlıq əldə olunub
Neftçala rayonu aqrar rayonlardan biri kimi taxılçılıq sahəsində öz mövqeyini ildən-ilə möhkəmləndirir. Rayonun əlverişli torpaq-iqlim şəraiti, fermerlərin zəhməti və müasir kənd təsərrüfatı texnikalarından səmərəli istifadəsi nəticəsində taxılçılıq kənd təsərrüfatının aparıcı sahələrindən biri olaraq inkişaf edir.
Cari mövsümdə taxıl əkinlərinin becərilməsi dövründə fermerlər tərəfindən bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilmişdir. Torpaqların hazırlanması, mineral gübrələrin tətbiqi, suvarma və bitki mühafizəsi tədbirləri məhsuldarlığın artırılmasına müsbət təsir göstərmişdir. Biçin mövsümündə isə müasir kombayn və digər kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsi sayəsində məhsul qısa müddətdə və itkisiz yığılmışdır.
Neftçala rayonunda kənd təsərrüfatının inkişafına dövlət tərəfindən göstərilən diqqət və dəstək fermerlərin fəaliyyətinə müsbət təsir göstərir. Müasir texnikaların tətbiqi, subsidiya mexanizmləri və aqrar sahədə həyata keçirilən islahatlar məhsul istehsalının artmasına, kənd əhalisinin məşğulluğunun təmin olunmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə şərait yaradır.
2026-cı ilin iyul ayının ortalarına olan vəziyyətə görə Neftçala rayonu ölkədə taxıl biçinini tam başa çatdıran rayonlar sırasında yer almışdır. Taxıl əkinlərinin əsas hissəsi rayonun Aşağı Qaramanlı, Xol Qarabucaq, Xəzərkənd, Xol Qaraqaşlı, Sarıqamış, Tatarməhlə inzibati ərazi dairələri üzrə əkilmişdir.
Taxıl sahələri üzrə statistik məlumatların təhlili göstərir ki, məhsul istehsalı və məhsuldarlıq əvvəlki illərlə müqayisədə artmışdır. Statistik məlumatların operativ şəkildə toplanması və təhlili kənd təsərrüfatı sahəsində mövcud vəziyyətin müəyyənləşdirilməsinə imkan yaradır.
Neftçala rayonunun təsərrüfatlarında 33657 hektar taxıl sahəsindən 108039,6 ton taxıl istehsal olunmuşdur və məhsuldarlığ 32,1 sent/ha, bu da keçən illə müqayisədə 6,4 sent/ha və ya 24,9 faiz artmışdır. Rayon üzrə 28557 hektar arpa sahəsindən 89117,7 ton arpa, 5100 hektar buğda sahəsindən 18921,9 ton buğda istehsal olunmuşdur. Arpa bitkisinin məhsuldarlığı 31,2 sent/ha, keçən illə müqayisədə 7,2 sen/ha və ya 30,0 faiz çox, buğda bitkisinin məhsuldarlığı 37,1 sent\ha, keçən illə müqayisədə 4,2 sent/ha və ya 12,8 faiz çox məhsuldarlığ olmuşdur.
Neftçala rayonunda kənd təsərrüfatının inkişafında gələcək illərdə də taxılçılıq sahəsində daha yüksək nəticələr əldə olunacaq, rayonun aqrar potensialı daha da güclənəcək və kənd təsərrüfatının inkişafına mühüm töhfələr veriləcəkdir.







