Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Sirr” adlı rəsm sərgisinin açılışı olub

03 iyul 2026 | 12:32

2 iyul 2026-cı il tarixdə Neftçala Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qalereyanın direktoru Nigar Abdullayeva və rəssamı Dadaş Dadaşovun müəllifi olduqları “Sirr” adlı rəsm sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala Rayon Təşkilatının sədri Ülvi Fərzəliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Neftçala Dövlət Rəsm Qalereyasının direktoru Nigar Abdullayeva tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihənin məqsədi və əhəmiyyəti barədə məlumat verib. Daha sonra sərginin hazırlanma mərhələsini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənətin inkişafına göstərdiyi davamlı diqqət və qayğı ölkədə yaradıcı mühitin daha da genişlənməsinə mühüm töhfə verir. Rayon rəhbəri vurğulayıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu kimi layihələr memarlıq irsinin, estetik dəyərlərin və milli mədəniyyətin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Mirhəsən Seyidov çıxışında Neftçala rəssamlıq məktəbinin formalaşdırdığı sənət ənənələrindən bəhs edərək, Xalq rəssamı Sakit Məmmədov başda olmaqla rayonun yetirdiyi tanınmış rəssamların Azərbaycan təsviri sənətinin inkişafına mühüm töhfələr verdiyini qeyd edib. Bildirilib ki, bu ənənələr bu gün də davam etdirilir və yeni gənc istedadların yaradıcılığı ilə daha da zənginləşir. Rayon rəhbəri sərginin insanların daxili aləmini və cəmiyyətin emosional dünyasını rənglərin dili ilə ifadə edən uğurlu sənət nümunəsi olduğunu vurğulayaraq müəllifləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin əməkdaşı Orxan Həsənzadə, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi Gülər Mirzəyeva, dosent Fərqanə Dadaşova, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova və həkim-oftalmoloq Süsən Əliyeva sərginin bədii-estetik əhəmiyyətindən danışaraq təsviri sənətin milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun təbliğindəki rolunu vurğulayıb, sərgi müəlliflərinə uğurlar arzulayıblar.

Sonda Neftçala Dövlət Rəsm Qalereyasının direktoru Nigar Abdullayeva və rəssam Dadaş Dadaşov sərginin ərsəyə gəlməsi prosesi barədə fikirlərini bölüşərək, tədbirdə iştirak edən qonaqlara təşəkkürlərini bildiriblər. Onlar ölkədə milli mədəniyyətin inkişafına, yaradıcı insanların fəaliyyətinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Rəsmi hissədən sonra iştirakçılar canlı musiqinin müşayiəti ilə sərgi ekspozisiyasına baxış keçiriblər. Müxtəlif janr və texnikalarda hazırlanmış rəsm əsərləri və eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Keçidlər