Neftçalada “Qəhrəman irsi: pəhləvanlıqdan gələcəyə” layihəsi çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Neftçala Rayon İcra Hakimiyyəti və “El Pəhləvanları” İdman Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə Neftçala Bayraq Meydanında “Qəhrəman irsi: pəhləvanlıqdan gələcəyə” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, rayonun idarə və müəssisələrinin nümayəndələri, idmançılar, gənclər və rayon sakinləri iştirak ediblər.
Rəsmi hissədə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev,Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov,Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Fərhad Baxışov, Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin boks idman növü üzrə məşqçi-müəllimi Elxan Əsəd çıxış edərək Azərbaycanda pəhləvanlıq mədəniyyətinin qədim tarixini və onun milli adət-ənənələrlə sıx bağlılığını vurğulayıblar. Qeyd olunub ki, bu qədim sənət xalqımızın qəhrəmanlıq simvolu və mənəvi irsi olduğundan, onun qorunması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlətin milli-mənəvi dəyərlərə göstərdiyi diqqət fonunda, bu cür layihələrin gənclər arasında sağlam həyat tərzinin və milli idman növlərinin populyarlaşdırılmasına güclü təkan verdiyi diqqətə çatdırılıb.
Daha sonra layihənin rəhbəri, tanınmış pəhləvan Hüseynov Nurəddin (Beyləqanlı) çıxış edərək layihə haqqında ətraflı məlumat verib və əsas məqsədin Azərbaycan el pəhləvanlığı irsinin qorunması, milli dəyərləin təbliği və bu qədim ənənələrin gələcək nəsillərə uğurla ötürülməsindən ibarət olduğunu bildirib.
Rəsmi çıxışlardan sonra tədbirin bədii-idman hissəsi başlanılıb. Nurəddin Beyləqanlının rəhbərliyi ilə el pəhləvanları tərəfindən ağır çəkili daşların qaldırılması, dəmir zəncirlərin qırılması və digər pəhləvanlıq nümunələri nümayiş olunub.
Milli idman növünə gənclərin və uşaqların marağını artırmaq məqsədilə tədbirdə azyaşlıların da çıxışlarına şərait yaradılıb və güclərini sınayarq daş daş qaldıran uşaqlara təşkilatçılar tərəfindən xüsusi sertifikatlar və hədiyyələr təqdim olunub.
Tədbir Neftçala sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.Sonda rayon rəhbərliyinə xatirə hədiyyəsi təqdim edilib.
Tədbirin əsas məqsədi milli adət-ənənələrimizi qorumaq, el pəhləvanlığı irsini geniş kütlələrə təbliğ etmək və gələcək nəsilə çatdırmaqdır.







