Neftçalada Qanvermə aksiyası keçirilib
8 iyul 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin və Respublika Qan Bankı Publik Hüquqi Şəxsinin birgə təşəbbüsü və təşkilatçılıqları ilə hemofiliya,talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
“Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin dəstəyi ilə xəstəxanada baş tutan aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, İƏN və bələdiyyələr, gənclər, din xadimləri və digər kateqoriyadan olan könüllü şəxslər iştirak edib.
Həkim-hematoloqlar tərəfindən sağlamlıqları ətraflı yoxlanılan donorlar müayinə olunduqdan sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı, talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bir çox nəcib və xeyirxah aksiyalar, xüsusilə də qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün respublika ərazisində mütəşəkkil qanvermə kampaniyaları təşkil olunur.
Rayonumuzda da artıq ənənəvi xarakter alan qanvermə aksiyasına qoşulanlar qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü qan verməyin xeyirxah iş olmasını vurğulayıb, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcunun olduğunu bildiriblər. Bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq qanvermədə iştirak edən hər kəsə və dəstək göstərən qurumlara minnətdarlığımızı bildiririk.







