Neftçalada Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə tədbir keçirilib
18 sentyabr Azərbaycan musiqi mədəniyyətinin bünövrəsini qoymuş, Şərqdə ilk opera və musiqili komediyanın müəllifi, görkəmli bəstəkar, alim, pedaqoq, dramaturq və publisist Üzeyir Hacıbəylinin doğum günüdür. Bu tarix ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər təşkil olunur. Bu münasibətlə 17 sentyabr 2025-ci il tarixdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib və dahi bəstəkarın müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Musiqili proqramda Üzeyir Hacıbəylinin zəngin irsini əks etdirən əsərlər – “Sənsiz” romansı, “Koroğlu” üverturası, “Arazbarı” ritmik muğamı, “Leyli və Məcnun” operasından səhnələr, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarından parçalar təqdim olunub. Səhnələşdirilmiş hissələrdə Üzeyir Hacıbəylinin qələmə aldığı feleyetonlardan parçalar və o dövrün ab-havasını canlandıran kompozisiyalar tamaşaçılarda böyük maraq doğurub.
Tədbirdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar nümayiş etdirilib, Heydər Əliyevin dahi bəstəkar haqqında dəyərli fikirləri tədbir iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin zəngin irsi milli musiqimizin inkişafına yeni nəfəs gətirmiş, həm klassik, həm də xalq musiqisinin dünyada tanınmasına geniş imkanlar açmışdır. Bu gün də onun əsərləri xalqımızı birləşdirən mənəvi sərvət, gənc nəslə isə böyük örnəkdir.







