Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

22 iyul 2026 | 19:04

22 İyul – Milli Mətbuat Günü və Mətbuat işçilərinin peşə bayramı münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti və Neftçala-Gündoğar rayon qəzetinin birgə təşkilatçılığı ilə rayon tədbiri keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Neftçala-Gündoğar rayon qəzetinin, uzun müddət jurnalistika sahəsində çalışmış veteran  mətbuat işçiləri, ziyalılar, yazıçı-publisistlər, məktəblilər və  ictimaiyyət nümayəndələri iştirak edib.

İştirakçılar ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına şəhid olan hərbi qulluqçuların, dünyasını dəyişən mətbuat işçilərinin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Neftçala-Gündoğar” qəzetinin redaktoru Bədirə Niftaliyeva milli mətbuatımızın keçdiyi şərəfli inkişaf yolundan və zəngin ənənələrindən söhbət açıb. O, qəzetin 95 illik fəaliyyəti müddətində rayonun ictimai-siyasi və mədəni həyatındakı mühüm rolunu vurğulayaraq, media nümayəndələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib və mətbuatın cəmiyyətdəki maarifləndirici missiyasının bundan sonra da layiqincə davam etdiriləcəyini diqqətə çatdırıb.

 Daha sonra çıxış edən digər natiqlər - Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, şair-publisist Zabil Pərviz, yazıçı-publisist, veteran həkim Qurbanxan Pirəliyev, təqaüddə olan müəllim Tükəzban Həsənova, rayon ağsaqqalı Cahangir Abdullayev, şair-publisist Fərhad Əzizbəyli, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəsi Gülər Mirzəyeva, YAP Neftçala rayon təşkilatının əməkdaşı Sona Mirzəyeva, ETİHİ Neftçala rayon komitəsinin sədri Könül Məmmədova, Həsənabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir Məmmədova, Rayon Mərkəzi Kitabxanasının direktor müavini Gülxanım Abdulhüseynova mətbuat işçilərini peşə bayramı və yubiley münasibətilə təbrik ediblər. Çıxışlarda region mətbuatının obyektiv informasiya təminatında və cəmiyyətin maariflənməsindəki xidmətləri yüksək qiymətləndirilərək, milli mətbuatımızın banisi, böyük maarifçi Həsən bəy Zərdabinin fədakar fəaliyyəti xüsusi ehtiramla yad olunub. Natiqlər 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan demokratik mətbuat ənənələrinin bu gün də şərəflə yaşadıldığını və Zərdabi ideyalarının milli təfəkkürün formalaşmasında, eləcə də regional mətbuatın inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıblar. Çıxışçılar milli mətbuatın tarixi inkişaf mərhələlərindən geniş söz açaraq, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə söz və məlumat azadlığının təmin olunması, media sahəsində aparılan hərtərəfli islahatları və atılan strateji addımları xüsusi vurğulayıblar. Qeyd olunub ki, məhz Ümummilli Lider Heydər Əliyevin qətiyyətli qərarları ilə Azərbaycanda mətbuat üzərindən senzuranın ləğv edilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi müasir azad medianın formalaşmasına güclü təkan verib.  Bu gün həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən natiqlər beynəlxalq miqyaslı Şuşa Qlobal Media Forumunun keçirilməsini və dövlət başçısının xarici media nümayəndələrinə verdiyi məzmunlu, konseptual müsahibələrin ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı mühüm rolunu vurğulayıblar.

Mərasim çərçivəsində Həsənabad qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəb şagirdlərinin hazırladıqları bədii çıxışlar və müxtəlif rubrikaları əks etdirən əl qəzetləri böyük maraqla qarşılanıb. Məktəblilərin mətbuata göstərdiyi yaradıcı maraq təqdir olunaraq, xüsusi fəallıq göstərən şagirdlər təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin sonunda Neftçala Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı “Neftçala-Gündoğar” qəzetinin redaktoru Bədirə Niftaliyevaya təqdim olunub.

Keçidlər