Neftçalada Kür çayına 600 min balıq körpəsi buraxılıb
Su hövzələrində balıq populyasiyasının bərpası məqsədilə “Xıllı Balıq” MMC tərəfindən yetişdirilmiş 600 min nərə və uzunburun balıq körpəsi iyunun 14-də Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisindən Kür çayının mənsəbinə buraxılaraq onların təbii artımına və bərpasına dəstək göstərilib.
Tədbirdən sonra iştirakçılar Neftçala rayonundakı “Xıllı Nərə Balıqartırma” MMC-də balıqların istehsalat sahəsi ilə yaxından tanış olublar. İlboyu yetişdirilmiş balıqlar, onların inkubasiya prosesi və balıq buraxılışı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neftçala rayon İcra Hakimiyyətinin, IDEA İctimai Birliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin, Kənd Təsərrüfatı Nazirliyinin Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Bakı Dövlət Universitetinin, özəl balıqartırma təsərrüfatlarının, nümayəndələrinin, Neftçala Peşə Məktəbinin gənclərinin, və ekologiya könüllülərinin iştirakı ilə həyata keçirilib.
Balıqların kürütökmə dövrü ilə əlaqədar olaraq Xəzər dənizi və daxili su hövzələrində sənaye məqsədli balıq ovuna qadağa sentyabrın 1-dək davam edəcək. Bu baxımdan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda və olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırır.