Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada “Kulturologiya və insan kapitalının inkişafı” mövzusunda elmi oxumalar keçirilib

25 aprel 2026 | 10:30

24 aprel 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Xanoğlan Məmmədov adına Neftçala Rayon Mədəniyyət Mərkəzində “Azərbaycan mədəniyyəti–2040” dövlət konsepsiyasının həyata keçirilməsinə həsr olunmuş “Kulturologiya və insan kapitalının inkişafı” mövzusunda kulturoloji elmi oxumalar keçirilib.

İctimaiyyətin müxtəlif kateqoriyalarından olan nümayəndələrinin təmsil olunduğu tədbirdə çıxış edən kulturoloq alim, professor, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov “Azərbaycan mədəniyyəti – 2040” dövlət konsepsiyasının mahiyyəti və prioritet istiqamətləri barədə geniş məlumat verib. O qeyd edib ki, konsepsiya milli mədəni irsin qorunması ilə yanaşı, onun müasir dövrün tələblərinə uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və mədəniyyətin insan kapitalının formalaşmasında aparıcı rolunun gücləndirilməsini əsas hədəf kimi müəyyən edir. Bildirilib ki, qloballaşan dünyada rəqabətqabiliyyətli cəmiyyətin formalaşması üçün yüksək intellektə, geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə bağlılığa və yüksək davranış mədəniyyətinə malik “yüksək mədəniyyətli insan” modelinin yetişdirilməsi xüsusi əhəmiyyət daşıyır. O, vurğulayıb ki, bu məqsədə nail olmaq üçün təhsil, mədəniyyət və sosial institutlar arasında qarşılıqlı əlaqənin gücləndirilməsi və sistemli fəaliyyətin təmin olunması vacibdir.

 Daha sonra kulturoloq alim, professor, "Simurq" AMA-nın Rəyasət Heyətinin məsul katibi Minaxanım Əsədli, kulturoloq alim, dosent Vüsalə Məmmədzadə, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Svetlana Bayramova, "Simurq" AMA-nın vitse-prezidenti, professor Səlahəddin Əyyubov çıxış edərək “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası çərçivəsində kulturologiya elminin inkişaf perspektivlərindən, bu sahədə tədrisin müasir tələblərə uyğun təkmilləşdirilməsinin zəruriliyindən, davranış mədəniyyətinin və sosial məsuliyyətin formalaşdırılmasının cəmiyyətin ümumi inkişafında mühüm rolundan, milli kimliyin qorunması ilə yanaşı meritokratik dəyərlərin təşviqinin əhəmiyyətindən, eləcə də universal kulturoloji biliklərin geniş yayılması və mədəniyyət sahəsində yeni qanunvericilik təşəbbüslərinin hazırlanmasının vacibliyindən bəhs ediblər.

Tədbir çərçivəsində kulturoloji müzakirələr aparılıb, iştirakçıların fikir və təklifləri dinlənilib, yekunda isə bəyannamə qəbul edilib. Həmçinin“Azərbaycan Mədəniyyəti-2040” dövlət konsepsiyası kontekstində Azərbaycan mədəniyyətinin inkişafının strateji məqsədlərini əks etdirən "Yüksək Mədəniyyətli İnsan“ adlı slayd-şou nümayiş etdirilib.

Sonda xatirə şəkli çəkilib və professor Fuad Məmmədovun “Yüksək mədəniyyətli insan” adlı kitabı iştirakçılara hədiyyə edilib.

Keçidlər