Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada könüllü qanvermə aksiyası təşkil olunub

01 may 2026 | 10:33

30 aprel 2026-cı il tarixində Neftçala Rayon İcra Hakimiyyəti və Respublika Qan Bankı Publik Hüquqi Şəxsin birgə təşəbbüsü və təşkilatçılığı ilə qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə növbəti könüllü qanvermə aksiyası keçirilib.

“Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin dəstəyi ilə təşkil olunan aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, icra nümayəndələri, bələdiyyə üzvləri, gənclər, din xadimləri və müxtəlif kateqoriyadan olan vətəndaşlar fəal iştirak ediblər.

Aksiya zamanı həkim-hematoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb, müayinədən keçən şəxslərdən təhlükəsiz şəkildə qan götürülüb. Toplanan qan ehtiyatı hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə genişmiqyaslı qanvermə kampaniyaları həyata keçirilir. Fondun bu istiqamətdə gördüyü işlər ölkədə donor mədəniyyətinin formalaşmasına və insanların bu nəcib aksiyalara daha fəal qoşulmasına mühüm töhfə verir.

Neftçala rayonunda da ənənə halını alan bu cür aksiyalar cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Aksiyada iştirak edənlər könüllü qanvermənin insan həyatının xilasına xidmət edən vacib və humanist addım olduğunu qeyd edərək, belə təşəbbüslərin davamlı olmasının əhəmiyyətini bildiriblər.

Bu xeyirxah təşəbbüsə qoşularaq qanvermədə iştirak edən hər kəsə və təşkilati dəstək göstərən qurumlara təşəkkürümüzü bildiririk.

Keçidlər