Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada könüllü qanvermə aksiyası təşkil olunub

02 iyul 2026 | 14:07

01 iyul 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyinin Respublika Qan Bankı Publik Hüquqi Şəxsin birgə təşəbbüsü və təşkilatçılığı, həmçinin “Neftçala Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsininin dəstəyi ilə növbəti könüllü qanvermə aksiyası keçirilib.

Neftçala Rayon Mərkəzi Xəstəxanasında baş tutan bu xeyirxah aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən – hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərə, eləcə də digər ağır qan xəstəlikləri olan xəstələrə dəstək olmaq, onların müalicə müddətində qan ehtiyatına olan ehtiyaclarını qarşılamağa yardım etməkdir.

Rayonda artıq xeyirxah bir ənənə halını alan bu humanist kampaniyada ictimaiyyət nümayəndələri könüllü donor qismində iştirak ediblər.Toplanan qan ehtiyatı laborator müayinələrdən keçirildikdən sonra talassemiyalı və hemofiliyalı xəstələrin, habelə qana təcili ehtiyacı olan digər pasiyentlərin müalicəsində istifadə olunacaqdır.

Qeyd edək ki, ölkəmizdə talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək məqsədilə genişmiqyaslı qanvermə kampaniyaları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəmadi və sistemli şəkildə həyata keçirilir. Fondun bu ali istiqamətdə nümayiş etdirdiyi geniş fəaliyyət respublikamızda donor mədəniyyətinin yüksək səviyyədə formalaşmasına və vətəndaşlarımızın bu cür nəcib aksiyalara daha fəal, könüllü şəkildə qoşulmasına müstəsna töhfə verir.

Bu xeyirxah təşəbbüsə qoşularaq qanvermədə iştirak edən şəxslərə və təşkilati dəstək göstərən qurumlara təşəkkürümüzü bildiririk.

 

 

Keçidlər