Neftçalada “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə və 9 Noyabr – Bayraq Gününə həsr olunmuş rəsmi yığıncaq keçirilib
8 Noyabr 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə və 9 Noyabr – Bayraq Gününə həsr olunmuş dəyirmi masa formatında rəsmi yığıncaq keçirilib.
Yığıncaqda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.
İştirakçılar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xatirə Kompleksini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və onların əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra rayon rəsmiləri və qonaqlar şəhid ailə üzvlərinin, qazilərin, müharibə veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyasında olub, aksiya zamanı müxtəlif növ ağaclar əkilərək aqrotexniki qulluq göstərilib.
Neftçala Rayon Heydər Əliyev Mərkəzində davam edən tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbir iştirakçılarına Zəfər Gününün 5-ci ildönümü və 9 Noyabr Bayraq günü ilə əlaqədar təbriklərini çatdırıb və çıxışında qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın tarixində əbədi qalacaq şanlı səhifədir. Bu Qələbə hər bir azərbaycanlının milli qürur, dövlət sevgisi və vətənpərvərlik hisslərinin ifadəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi və tariximizin ən parlaq səhifəsini yazdı. Bu gün biz həmin zəfərin işığında birliyimizi, dövlətçiliyimizi daha da möhkəmləndiririk. 9 Noyabr Bayraq Günü müstəqilliyimizin, suverenliyimizin və milli kimliyimizin rəmzidir. Bu dəyərlər xalqımızı gələcəyə inamla aparan mənəvi sütunlardır.
Çıxış edən Milli Məclisin deputatları – Tənzilə Rüstəmxanlı və Günay Ağamalı ölkəmizin qazandığı Zəfərin təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etməklə tarixi ədaləti bərpa edib. Deputatlar həmçinin qeyd ediblər ki, bu gün azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Zəfərin davamı kimi gələcəyə inam yaradır.
Tədbirdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova qürur hissi ilə bildirib ki, oğlu və bütün şəhidlərimiz Azərbaycanın qalibiyyəti və üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanması uğrunda canlarından keçiblər. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə edib. Şəhid anası vurğulayıb ki, xalqımızın birliyi və ordumuzun rəşadəti sayəsində bu gün hər bir azərbaycanlı Zəfər Gününü böyük qürur və şərəf hissləri ilə qeyd edir.
Daha sonra çıxış edən II qrup Vətən Müharibəsi əlili Yusif Abdullayev ölkəmizin ərazi bütövlüyü uğrunda canından və qanından keçən şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını vurğulayıb. O, gəncləri Vətənə sədaqət və vətənpərvərlik ruhunda yetişməyə çağırıb.
Tədbir vətənpərvərlik və milli birliyimizi təcəssüm etdirən Zəfər Gününə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.







