Neftçalada kənd təsərrüfatında innovativ vasitələrin, rəqəmsal texnologiyaların tətbiqi mövzusunda təcrübə öyrənilir
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun, “Bimextech” MMC-nin, Neftçala Rayon İcra Hakimiyyətinin və Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə aqrar sahədə fəaliyyət göstərən fermerlərə kənd təsərrüfatında müasir innovativ vasitələrdən, rəqəmsal texnologiyalardan biri olan pilotsuz uçuş aparatlarından istifadə etməklə əkin sahələrində herbisid və maye gübrə tətbiqinin optimallaşdırılması mövzusunda maarifləndirici və praktiki görüş keçirilib. Təlimdə dron texnologiyalarının kənd təsərrüfatında tətbiqi imkanları nümayiş etdirilib və praktiki məlumatlar təqdim olunub.
Təlim zamanı pilotsuz uçuş aparatlarının kənd təsərrüfatında tətbiqi imkanlarının nümayiş etdirilməsi və praktiki məlumatların təqdim olunması, müasir avadanlıqların bitkiçilik sahəsinin inkişafında, su, yanacaq, gübrə, dərman vasitələrinin optimallaşdırılmasında mühüm əhəmiyyət kəsb etməsi diqqətə çatdırıldı. Kənd təsərrüfatı dronlarının tətbiqinin "Ağıllı kənd təsərrüfatı" konsepsiyasının əsasını təşkil etməklə innovativ texnologiyaların ənənəvi əkinçilik üsullarını əsaslı şəkildə dəyişdirərək məhsuldarlığın artırılmasına, xərclərin minimuma endirilməsinə mühüm töhfə verməsi barədə fermerlərə ətraflı məlumat verildi. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müasir innovativ vasitələrin, rəqəmsal texnologiyaların istifadə olunmasının zərərvericilərlə mübarizədə xüsusi əhəmiyyəti fermerlərin diqqətinə çatdırıldı.







