Neftçalada “Kəlağayı Günləri 2025” layihəsi çərçivəsində tədbir keçirilib
11 dekabr 2025-ci il tarixdə M.Səfərov adına Neftçala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə “Kəlağayı Günləri 2025” adlı tədbir keçirilib.
Tədbirdə müxtəlif sahələri təmsil edən ziyalılar, təhsil müəssisəsinin müəllim və şagird kollektivi, şəhid ailələri və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İlk olaraq çıxış edən "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin rəhbəri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı layihənin mahiyyəti, məqsədləri və icrası barədə ətraflı məlumat verərək qeyd edib ki, kəlağayı əsrlər boyu Azərbaycan qadınının zərifliyini, mənəvi saflığını və milli kimliyini əks etdirən müqəddəs dəyər olub. Layihə məhz bu irsi yaşatmaq, gənclərin diqqətini ənənəvi sənətkarlığa yönəltmək və kəlağayını cəmiyyətə yenidən sevdirərək onu gündəlik həyatın ayrılmaz hissəsinə çevirmək məqsədi daşıyır.
Daha sonra çıxış edənlər - Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səidə Rzayeva, M.Səfərov adına Neftçala şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın direktoru Aytəkin Mahmudova,“Sazın-sözün Butası” təşkilatının sədri Səadət Buta, “Neftçala-Gündoğar” rayon qəzetinin redaktoru Bədirə Niftalıyeva, AYB-nin üzvü, ədəbiyyat xadimi Etibar Əbilov, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri Brilyant Atəş, Hənifə Şəbnəm, şair-publisist Fərhad Əzizbəyli, Heydər Əliyev Mərkəzinin əməkdaşı Şövkət Əliyeva qeyd ediblər ki, kəlağayı təkcə bir geyim elementi deyil, həm də xalqın tarixini, dünyagörüşünü və mənəvi zənginliyini özündə yaşadan mədəni irs nümunəsidir. Kəlağayı Azərbaycan qadınının ən zərif atributlarından biri olaraq bu gün də öz aktuallığını itirmir və müasir dəb anlayışına asanlıqla inteqrasiya olunur. Natiqlər həmçinin qeyd ediblər ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsin qorunması və UNESCO çərçivəsində tanıdılması istiqamətində gördüyü genişmiqyaslı fəaliyyət sayəsində kəlağayı sənətinin dünyada tanıdılması, beynəlxalq səviyyədə layiqincə təbliğ olunması üçün mühüm imkanlar yaranıb. Onun təşəbbüsləri nəticəsində Azərbaycan mədəniyyətinin bir çox sahələri kimi, kəlağayı sənətinin də qlobal miqyasda tanıdılması milli dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə xüsusi töhfə verir.
Tədbir zamanı o da vurğulanıb ki, belə tədbirlər gənc nəsildə milli kimliyə bağlılığı gücləndirir, onların ənənəvi sənətkarlığa marağını artırır və mədəni özünüdərk prosesinə müsbət təsir göstərir. Kəlağayı sənətinin yaşadılması yalnız mədəni missiya deyil, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına dəyərli töhfədir.
Tədbir çərçivəsində keçirilən sərgidə kəlağayı sənətinin müxtəlif zəngin nümunələri, qədim naxış və rəngkarlıq texnikaları nümayiş etdirilib. Şəhid analarına dərin ehtiramın ifadəsi olaraq Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirlərindən ibarət olan "Vətən oğulsuz olmasın" kitabı təqdim edilib və proqram bədii-musiqili çıxışlarla davam etdirilib.







