Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada görkəmli alim İmamverdi Əbilovun xatirəsi ehtiramla anılıb

10 aprel 2026 | 15:11

Neftçala rayonunda filologiya elmləri doktoru, professor İmamverdi Əbilovun məzarı ziyarət olunub,üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub.Onun zəngin elmi irsi və çoxşaxəli fəaliyyəti dərin hörmətlə yad edilib.

Anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə üzvləri, ziyalılar, şəhid ailələri, qazilər, ağsaqqallar, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Qeyd edək ki, İmamverdi Əbilov 1927-ci ildə Neftçala rayonunun Züd-Ost Qoltuq yaşayış məhəlləsində anadan olmuş, Buzovna pedaqoji məktəbini və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə balıq vətəgələlərində başlamış, sonrakı illərdə pedaqoji fəaliyyətlə yanaşı məsul vəzifələrdə çalışmış, uzun müddət Neftçala şəhər 1 saylı orta məktəbdə ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir.

Alim Azərbaycan ictimai-mədəni həyatında fəal iştirak etmiş, müxtəlif qurultay və konfranslarda ölkəmizi layiqincə təmsil etmişdir.

İmamverdi Əbilov Azərbaycan ədəbiyyatşünaslıq elminə mühüm töhfələr vermiş, 800-dən artıq elmi və publisistik məqalənin müəllifi olmuşdur. Onun “Rəsul Rza”, “Azərbaycan ədəbiyyatında yeni insan”, “Siyasi lirikanın tədrisi”, “Könül dünyamıza səyahət”, “Xatirələr işığında”, “Uzaq keçmişimizdən uzaq gələcəyə”, “Şəhidlər mehrabı. Rəhmət duası”, “Ömrün anları”, “Əsrlər… nəsillər… əməllər”, “Zamanla vaxt arasında”, “Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov”, eləcə də Bəxtiyar Vahabzadə haqqında yazdığı “Xatirələrin ay işığında” və “Ömrün və elmin romantikası” kimi kitabları ədəbiyyatşünaslıq sahəsində dəyərli mənbələr hesab olunur. Əsərlərinin 15 cildliyi nəşr edilmişdir. İmamverdi Əbilovun elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, bir sıra orden və mükafatlarla təltif edilmişdir. O, həmçinin Neftçala rayon Ağsaqqallar Şurasının sədri olmuş, Prezidentin fərdi təqaüdçüsü kimi böyük hörmət qazanmışdır.

Görkəmli şairlər — Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub və digər söz ustadları ona şeirlər həsr etmişlər.

9 aprel 2016-cı ildə ömrünün 89-cu ilində dünyasını dəyişən İmamverdi Əbilovun əziz xatirəsi onu tanıyanların və Azərbaycan elm ictimaiyyətinin yaddaşında daim yaşayacaq, onun zəngin irsi gələcək nəsillər üçün qiymətli mənbə olaraq qalacaqdır.

Allah rəhmət eləsin.

Keçidlər