Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada “Gələcəyin şəhəri” mövzusunda sərgi-müsabiqə keçirilib

27 oktyabr 2026 | 14:50

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, Neftçala rayonunda silsilə tədbirlərin icrası davam etdirilir.

Bu çərçivədə, Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala Rayon Dövlət Rəsm Qalereyası, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektoru, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektoru və Neftçala Peşə Məktəbi PHŞ-nin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Gələcəyin şəhəri” mövzusunda foto, eskiz və rəsmlərdən ibarət sərgi-müsabiqə təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin və təşkilatçı qurumların məsul əməkdaşları, təhsil və mədəniyyət işçiləri, eləcə də yeniyetmə və gənclər iştirak edib.

Tədbirdə çıxış edən natiqlər “Şəhərsalma və Memarlıq İli” çərçivəsində reallaşdırılan layihələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu cür təşəbbüslərin gənc nəslin incəsənətə, müasir memarlıq konsepsiyalarına və şəhərsalma mədəniyyətinə olan marağının artırılmasında mühüm rol oynadığını bildiriblər.Qeyd olunub ki, gənclərimizin təqdim etdiyi əl işləri gələcəyin ekoloji cəhətdən təmiz, smart texnologiyalara söykənən və rahat şəhər mühiti haqqında onların zəngin təxəyyülünü və konseptual baxışlarını aydın əks etdirir.

Sərgidə yeniyetmə və gənclərin müəllifi olduğu, öz orijinallığı ilə seçilən maraqlı fotoşəkillər, eskizlər və rəsm əsərləri nümayiş olunub. Sərgiyə baxış keçirildikdən sonra münsiflər heyəti tərəfindən əl işləri qiymətləndirilib və fərqlənən iştirakçılar müəyyən edilib.

Tədbirin sonunda I, II və III yerləri tutan qaliblərə təşkilatçılar tərəfindən fəxri diplomlar təqdim olunub.

Qeyd edək ki, sərgi-müsabiqənin əsas məqsədi gənc nəslin yaradıcılıq potensialını üzə çıxarmaq, onların şəhərsalma, memarlıq və ətraf mühitin estetik görünüşü barədə baxış və təşəbbüslərini dəstəkləməkdən ibarətdir.

Keçidlər