Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada Birinci Qarabağ müharibəsində itkin düşən şəhidlərin yas mərasimləri keçirilib

23 avqust 2026 | 16:42

Neftçala rayonunda Birinci Qarabağ müharibəsi zamanı itkin düşən, şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilən şəhidlər – Məhərrəmov Vaqif Mənsim oğlunun və İsmayılov Sərdar Cəfər oğlunun yas mərasimləri keçirilib.

Yas mərasimlərində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və din xadimləri iştirak ediblər.

Mərasimlərdə şəhidlərin keçdikləri döyüş yolu və Vətən qarşısında göstərdikləri fədakarlıqdan bəhs olunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şəhid ailələri ilə görüşərək onların sosial-məişət vəziyyəti, qarşılaşdıqları çətinliklər və digər qayğıları ilə maraqlanıb, ailə üzvlərinin müraciətlərini dinləyib. Şəhid ailələrinin problemlərinin həlli və onların qayğılarının diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi xüsusi diqqət və qayğı yüksək qiymətləndirilir.

Dövlət başçısının rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması və qarşılaşdıqları problemlərin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu diqqət və qayğı şəhid ailələri tərəfindən minnətdarlıqla qarşılanır.

Qeyd edək ki, Vaqif Məhərrəmov və Sərdar İsmayılov 1971-ci ildə Neftçala rayonunda anadan olublar. Vaqif Məhərrəmov 1992-ci il sentyabrın 5-də, Sərdar İsmayılov isə həmin il oktyabrın 31-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

Uzun illər sonra şəxsiyyətləri müəyyənləşdirilən şəhidlərin nəşləri ailələrinə təhvil verilib və onlar 21 avqust 2026-cı il tarixində doğma Neftçala torpağında dəfn olunublar.

Neftçala Rayon İcra Hakimiyyəti və rayon ictimaiyyəti adından şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan onlara səbir diləyirik.

Keçidlər