Neftçalada aztəminatlı ailələrə Novruz və Ramazan bayramları münasibətilə genişmiqyaslı sosial dəstək göstərilib
Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, “Masdar” və “SOCAR Green” şirkətlərinin təşəbbüsü ilə Neftçala Günəş Elektrik Stansiyasının təsir dairəsinə daxil olan yaşayış məntəqələrində sosial həssas əhali qruplarına dəstək məqsədilə xeyriyyə aksiyası təşkil olunub.
Aksiya çərçivəsində Neftçala şəhəri, Bankə qəsəbəsi, həmçinin Yenikənd, Şirvanlı, 1 №-li Mayak, Sübh, Qırmızı Şəfəq, Kürkənd və Mayak-2 kəndlərini əhatə edən bir qrup aztəminatlı ailəyə Novruz və Ramazan bayramları münasibətilə ümumilikdə 300 ədəd bayram sovqatı paylanıb. Sovqatlar əsas ərzaq məhsullarından ibarət olmaqla ailələrin bayram günlərində sosial rifahının yaxşılaşdırılmasına töhfə vermək məqsədi daşıyıb.
Qeyd edək ki, həyata keçirilən bu təşəbbüs regionda icra olunan Neftçala Günəş Elektrik Stansiyası layihəsinin sosial məsuliyyət komponentinin tərkib hissəsidir. Layihə çərçivəsində yerli icmalarla əməkdaşlıq, onların sosial rifahının dəstəklənməsi və dayanıqlı inkişafın təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Təşkil olunan aksiya zamanı aztəminatlı ailələrə xüsusi diqqət göstərilib, onların ehtiyacları nəzərə alınaraq yardım paketləri hazırlanıb və ünvanlı şəkildə çatdırılıb. Bu cür sosial təşəbbüslər bayram günlərində həmrəylik və qayğı dəyərlərinin gücləndirilməsinə, cəmiyyət daxilində sosial dəstək mexanizmlərinin inkişafına mühüm töhfə verir.
Neftçala Rayon İcra Hakimiyyəti və tərəfdaş qurumlar gələcəkdə də bu kimi sosial yönümlü layihələrin davam etdirilməsini nəzərdə tutur.







