Neftçalada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları ilə görüş keçirilib.
21 noyabr 2025-ci il tarixində Neftçala Heydər Əliyev Mərkəzində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən telekanalların efir göstəricilərini müəyyən etmək və yayımlanan verilişlərlə bağlı tamaşaçı rəylərini yerində öyrənmək məqsədilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Azərbaycan Respublikasının əməkdar jurnalisti, AZTV-nin Analitik qrupunun rəhbəri Faiq Hüsiyev, Əməkdar Mədəniyyət işçisi, İdman Kanalının Bədii rəhbəri Hikmət Yaqubov, AZTV-nin Proqram Departamentinin məsul əməkdaşı Leyla Qədirova, AZTV-nin Xəbərlər Proqramının aparıcısı Samirə Mustafayeva, Mədəniyyət Kanalının direktor müavini Bəhruz Niftəliyev, eləcə də bir qrup rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və gənclər iştirak edib.
Tədbir açıq elan edilməzdən öncə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açıq elan edən Neftçala rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əliheydər Qarayev çıxış edərək, Azərbaycan Televiziyası və onun nəzdində fəaliyyət göstərən televiziya kanallarının hazırladıqları verilişlərin ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda maraqla izlənildiyini, hər zaman televiziya tamaşaçılarına müxtəlif sahələri əhatə edən maraqlı verilişlər təqdim edən Azərbaycan Televiziyasının efir məkanında daima ədəbi dilin və milli dəyərlərin qorunmasına, dövlətçilik siyasətinin əhaliyə çatdırılmasına ciddi əhəmiyyət verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən AZTV-nin Analitik qrupunun rəhbəri, əməkdar jurnalist Faiq Hüsiyev AzTV və onun nəzdində fəaliyyət göstərən televiziya kanallarında yayımlanan verilişlərin keyfiyyətinin artırılması, tamaşaçı auditoriyasının tələblərinə uyğunlaşdırılması və yayımlanan proqramların ictimai rəydə yaratdığı təsirin ölçülməsi məqsədilə xüsusi analitik araşdırmalar aparıldığını qeyd etdi. Faiq Hüsiyev çıxışında həmçinin bildirdi ki, son dövrlərdə teleməkanın dinamik inkişafı, tamaşaçı zövqlərinin dəyişməsi və rəqabətin artması televiziyanın fəaliyyətində daha dəqiq analiz və monitorinqlərə ehtiyacı artırıb.
Çıxışlardan sonra tədbir iştirakçıları arasında televiziya auditoriyasının izləmə vərdişləri, proqramlara münasibəti və məzmunla bağlı gözləntiləri təhlil olunub, onların bu mövzuda istək və arzuları öyrənilib, sualları cavablandırılıb.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.







