Neftçalada akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin və Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, aparatın məsul şəxsləri, Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin rəhbərliyi və kollektivi iştirak ediblər.
“Şəhərsalma və Memarlıq” ili çərçivəsində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin ərazisində şam və müxtəlif dekorativ ağac növləri əkilib, ağaclara aqrotexniki qulluq göstərilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, görkəmli akademik Zərifə Əliyevanın, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra akademik Zərifə Əliyevanın həyatı və çoxşaxəli elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər – Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Elman Quliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Vasif Əliyev, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Neftçala rayon Şurasının sədri Nəcibə Abdullayeva, Neftçala Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Faiq Hüseynov və həkim-oftalmoloq Süsən Əliyeva Akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, xüsusilə oftalmologiya sahəsində qazandığı uğurlardan və zəngin elmi irsindən ətraflı bəhs ediblər. Çıxışlarda qeyd olunub ki, Zərifə Əliyevanın elmi fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Onun peşəsinə sonsuz sədaqəti, insanlara qayğıkeş münasibəti və yüksək həkim etikası bu gün də səhiyyə işçiləri üçün örnək kimi qəbul olunur. Bildirilib ki, Akademik Zərifə Əliyeva minlərlə insanın sağlamlığına qovuşmasına mühüm töhfələr vermiş, eyni zamanda mənəvi dəyərləri, vətənpərvərliyi və humanistliyi ilə yadda qalmışdır.
Sonda vurğulanıb ki, akademik Zərifə Əliyevanın zəngin irsi, elmi nailiyyətləri və yüksək insani keyfiyyətləri gələcək nəsillər üçün daim nümunə olacaq, onun əziz xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaqdır.







