Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada “Ailədaxili zorakılığın qarşısının alınması" və "Uşaqlara sosial təhlükə olduqda valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum etmənin hüquqi əsasları" adlı tədbir keçirilib

24 aprel 2026 | 17:04

23 aprel 2026-cı il tarixdə Neftçala Rayon Prokurorluğunun təşəbbüsü, Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala Rayon Prokurorluğunun və Neftçala Rayon Polis Şöbəsinin birgə təşkilatçılıqları ilə “Ailədaxili zorakılığın qarşısının alınması" və "Uşaqlara sosial təhlükə olduqda valideynlik hüququnun məhdudlaşdırılması və ya valideynlik hüququndan məhrum etmənin hüquqi əsasları" mövzularında maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti qurumların və təhsil müəssisələrinin rəhbərləri, məktəb psixoloqları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Neftçala Rayon Prokuroru, ədliyyə müşaviri Zeynal Zeynalov, Neftçala Rayon Polis şöbəsinin rəisi, polis-polkovniki Emil Cavadov, Neftçala Rayon Məhkəməsinin hakimi Ləman Qasımzadə, Neftçala rayon Gənclər və İdman sektorunun müdiri Araz Əhmədov, Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin həkimi Gülnaz Abadova, Xıllı qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Rəhim İmanov çıxış edərək ailənin cəmiyyətin əsas sütunu olduğunu, sağlam ailə mühitinin formalaşdırılmasının sosial sabitlik və davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, ailədaxili zorakılıq yalnız fərdi problem deyil, bütövlükdə cəmiyyətin rifahına mənfi təsir göstərən ciddi sosial məsələdir. Xüsusilə uşaqlar ailədaxili zorakılığın ən həssas qurbanlarıdır və belə halların onların psixoloji inkişafına, sosial davranışına və gələcək həyatına mənfi təsiri qaçılmazdır. Bu baxımdan uşaqların təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi dövlətin və cəmiyyətin prioritet vəzifələrindəndir.

Çıxışlarda valideynlərin övladları qarşısında məsuliyyətinin artırılmasının vacibliyi qeyd olunub, uşaqların həyat və sağlamlığının qorunması, onların fiziki və mənəvi inkişafının təmin edilməsinin əsas valideyn borcu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, uşaqların sosial təhlükə şəraitində yaşaması hallarında onların müdafiəsi məqsədilə müvafiq hüquqi mexanizmlər tətbiq edilir, zəruri hallarda valideynlik hüququnun məhdudlaşdırılması və ya həmin hüquqdan məhrum etmə tədbirləri görülür. Ailədaxili zorakılıq hallarına qarşı mübarizə yalnız hüquqi tədbirlərlə məhdudlaşmamalı, eyni zamanda maarifləndirmə, sosial dəstək və erkən müdaxilə mexanizmləri ilə müşayiət olunmalıdır. Aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilərək, bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Keçidlər