Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada 8 Noyabr- Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarək, Vətən!" adlı bədii-musiqili tədbir keçirilib

08 noyabr 2025 | 22:03

8 Noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin 5-ci ildönümü münasibətilə Neftçala rayonunda silsilə tədbirlər keçirilib. Tədbirlər Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və müxtəlif dövlət qurumlarının, ictimai təşkilatların, həmçinin təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin birgə əməkdaşlığı ilə həyata keçirilib.

Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində rayon fəalları, ziyalılar, gənclər, məktəblilər, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının iştirakı ilə dəyirmi masalar, maarifləndirici seminarlar, sərgilər, ədəbi-bədii kompozisiyalar, tamaşa və fləşmob, idman yarışları, intellektual bilik müsabiqələri, eləcə də ağacəkmə aksiyaları təşkil olunub. Tədbirlərin əsas məqsədi xalqımızın qəhrəmanlıq tarixini, Azərbaycan Ordusunun rəşadətini və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərin tarixi əhəmiyyətini gənc nəslə çatdırmaq, milli həmrəyliyi və vətənpərvərlik ruhunu gücləndirmək olub.

Keçirilən silsilə tədbirlərin yekunu olaraq Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə  təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət  Məktəbinin qarşısında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş "Zəfərin mübarək, Vətən!" adlı bədii-musiqili tədbir təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov,  Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Günay Ağamalı, Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Neftçala rayon təşkilatının,hüquq-mühafizə orqanlarının,idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, Rayon Ağsaqqlar Şurasının üzvləri, şəhid ailələri, qazilər, veteranlar və rayon sakinləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan olunub.

Böyük izdiham və coşqu ilə keçirilən bayram konsertində xalq artisti Samir Cəfərovun,  Respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir Qurbanovun, tanınmış və sevilən incəsənət ustaları Qalib Bayramovun, Əli Şahinin, Mənsumə Məmmədovanın (Damla), Anar Yusubun, Mahmud Mahmudovun, Dürdanə Ələkbərovanın, Süleyman Ruqiyevin, Vüsalə Yusifovanın, Rövşən Mehtiyevin ifasında vətənpərvərlik mövzularında şən və rəngarəng mahnılar səsləndirilib.

Sakinlərin böyük marağına səbəb olan və onlara yüksək əhval-ruhiyyə bəxş edən musiqili konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

 

Keçidlər