Neftçalada "8 Noyabr - Zəfər Günü"ə həsr olunmuş idmançı gənclərlə görüş keçirilib
30 oktyabr 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində "8 Noyabr - Zəfər Günü"nün 5-ci ildönümünə həsr olunmuş “İdman, sağlamlıq, vətənpərvərlik ruhunun və milli birliyin möhkəmlənməsinə xidmət edir” mövzusunda yeniyetmə və gənc idmançılarla görüş keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala rayon gənclər və idman sektorunun, Neftçala rayon təhsil sektorunun məsul şəxsləri, rayonun fəal gəncləri, idmançılar, müəllimlər iştirak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov iştirakçıları salamlayaraq 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib və qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi, ordumuzun şücaəti və şəhidlərimizin qəhrəmanlığı sayəsində qazanılan Böyük Zəfər Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. İdman həm sağlam həyat tərzinin, həm də milli ruhun və vətənpərvərliyin formalaşmasında mühüm rol oynayır. Gənclərin idmana marağının artırılması, onların fiziki və mənəvi baxımdan möhkəm, dövlətinə, bayrağına sadiq yetişməsi ölkəmizin gələcəyi üçün vacib amildir.
Daha sonra çıxış edənlər - Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Aqşin Hüseynli, məşqçi-müəllim, beynəlxalq yarışların mükafatçısı, ağırlıqqaldırma idman növü üzrə Avropa çempionu Kənan Xəlilov, güləş üzrə məşqçi-müəllim Ceyhun Fərəcov idmançı gəncləri təbrik edərək, idman sahəsində göstərilən dövlət qayğısından, gənclərin uğurlarının ölkəmizin gələcəyinə inam yaratdığından danışıblar. Zəfər ruhu bu gün hər bir gəncin fəaliyyətində, əzmkarlığında və mübarizə əhvalında özünü göstərir. Gənclərin sağlam, vətənpərvər, dövlətinə sədaqətli yetişməsi Azərbaycanın gələcək inkişafının və milli birliyimizin təminatıdır.
Tədbir çərçivəsində yeniyetmə və gənc idmançılar Neftçala Olimpiya İdman Kompleksində fəaliyyət göstərən müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdiriblər.
Sonda tədbir iştirakçılarına uğurlar və yeni nailiyyətlər arzulanıb.







