Neftçalada 27 Sentyabr Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
25 sentyabr 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş ağacəkmə aksiyası təşkil olunub.
Neftçala şəhərinin Samid İmanov və M.Ə.Sabir küçələrində baş tutan aksiyada Neftçala Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə əkilən ağac və gül kollarına aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərilib və onların suvarılması təmin edilib.
Ərazidəki yaşıllıqların qorunması, suvarılması və gələcəkdə də mütəmadi qulluq olunması məqsədilə müvafiq təşkilati və texniki tədbirlər həyata keçirilir.
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq, eyni zamanda ətraf mühitin qorunmasına və rayon ərazisində yaşıllıq zolaqlarının genişləndirilməsinə töhfə verməkdir.







