Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçalada 27 sentyabr Anım Günü ilə bağlı keçirilən silsilə tədbirlər davam edir

26 sentyabr 2026 | 15:43

27 Sentyabr – Anım Günü ərəfəsində Neftçala rayonunda şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin ictimaiyyətə çatdırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə silsilə tədbirlər davam edir.

Bu çərçivədə rayonun səhiyyə və təhsil müəssisələrində də anım mərasimləri təşkil olunub.

Tədbirlərdə şəhid ailələri, qazilər, ağsaqqallar, yeniyetmə və gənclər, ictimaiyyət nümayəndələri, eləcə də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının yerli təşkilatının, Rayon Ağsaqqallar Şurasının rəhbərliyi və üzvləri iştirak ediblər.

Tədbirlər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimlərdə çıxış edənlər şəhidlərin şərəfli həyat və döyüş yolundan, göstərdikləri igidliklərdən, eləcə də Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi sarsılmaz birlik və həmrəylikdən söz açıblar. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi xüsusi diqqət, qayğı və həyata keçirdiyi humanist layihələr minnətdarlıqla qeyd olunub. Bildirilib ki, bu nəcib fəaliyyət dövlətin hər bir vətəndaşına, xüsusilə də Vətən uğrunda canından keçmiş qəhrəmanların doğmalarına olan sonsuz ehtiramının parlaq təzahürüdür.

Tədbir iştirakçıları xalqımızın öz qəhrəman övladlarının xatirəsini hər zaman uca tutduğunu, onlarla fəxr etdiyini bildirib, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin ana xəttini təşkil etdiyini diqqətə çatdırıblar.

Keçidlər