Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində Novruz bayramı münasibətilə konsert proqramı təşkil olunub

18 mart 2026 | 16:21

18 mart 2026-cı il tarixdə Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə konsert proqramı keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, aidiyyəti qurumların nümayəndələri, şəhid ailə üzvləri, valideynlər, müəllimlər və şagirdlər iştirak ediblər.

Konsert proqramında məktəbin şagirdləri tərəfindən hazırlanmış musiqi və rəqs nömrələri təqdim olunub. Şagirdlərin müxtəlif musiqi alətlərində ifaları, eləcə də milli və müasir üslubda səsləndirilən əsərlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bayram proqramına daxil edilən səhnəciklər, xüsusilə Novruzun simvolik obrazları olan Kosa və Keçəlin çıxışı tədbirə xüsusi canlanma gətirib və iştirakçılara xoş ovqat bəxş edib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, onlara xoşbəxtlik, firavanlıq arzulayaraq ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından bəhs edib, gənc nəslin yaradıcılıq potensialının üzə çıxarılması, onların milli dəyərlər ruhunda formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. O, həmçinin qeyd edib ki, Neftçala rayonunun zəngin mədəni irsi və qədim musiqi ənənələri daim yüksək səviyyədə qorunaraq inkişaf etdirilir. Milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində bu cür tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Tədbirdə daha sonra çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, hər kəsə cansağlığı, uğurlar və bayram ovqatı arzulayıb. O, çıxışında Neftçala musiqi məktəbinin fəaliyyətini yüksək qiymətləndirərək, məktəbin daim ön sıralarda yer aldığını və regionda musiqi sahəsinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Daha sonra qeyd edib ki, “Üzeyir Hacıbəyli mükafatı”na layiq görülənlər sırasında əsasən Bakı və Sumqayıt şəhərlərindən olan müəllimlər yer alsa da, regionlar üzrə yalnız Neftçala rayonundan Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi Tükəzban Mehtiyevanın bu nüfuzlu mükafata layiq görülməsi xüsusi əhəmiyyət daşıyır. Bu uğurun Neftçala rayonunun mədəni həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. 

Sonda məktəbin fortepiano müəllimi Tükəzban Mehtiyeva Üzeyir Hacıbəyli Mükafatı”na layiq görüldüyünə görə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif edilib.

Tədbir yüksək bayram əhval-ruhiyyəsi ilə yekunlaşıb, xatirə şəkilləri çəkilib.

 

Keçidlər