Neftçala rayonunun ümumtəhsil məktəblərində "Zəfər Günü" ilə əlaqədar silsilə tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının, tarixi Qələbəmizin ildönümü-8 Noyabr Zəfər Günü münasibətilə Neftçala rayonunun ümumtəhsil məktəblərində şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə yeniyetmə və gənclər arasında “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı maarifləndirici görüşlər təşkil olunub.
Təhsil müəssisələrində təşkil olunan mərasimlərdə Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb kollektivləri, şəhid ailələrinin üzvləri, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimlərdə çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi Zəfərdən, ordumuzun şücaətindən və xalqımızın nümayiş etdirdiyi dəmir yumruq birliyindən danışıblar. Vurğulanıb ki, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda milli qürur və tarixi yaddaşın qorunması təhsil ocaqlarının qarşısında duran əsas vəzifələrdəndir.
Bayram tədbirləri çərçivəsində məktəblilərin hazırladığı geniş bədii-kompozisiyalar nümayiş olunub. Şagirdlərin ifasında səslənən vətənpərvərlik mövzusunda şeirlər, ədəbi-bədii səhnəciklər və qələbə rəqsləri tədbir iştirakçılarında dərin duyğular oyadıb. Eyni zamanda, məktəblərdə Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilib, şagirdlərin əsərləri maraqla izlənilib.







