Neftçala rayonunda “Zəfər Günü” təntənəli şəkildə qeyd olunub
08 noyabr 2023 | 17:53
Neftçala rayonunda “Zəfər Günü” qeyd olunub.
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin üçüncü ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda “Zəfər Günü” böyük coşqu ilə qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli ziyarət olunub, önünə gül dəstələri düzülüb, ehtiramla yad olunub və “Zəfər Günü” ilə əlaqədar olaraq təşkil olunan sərgiyə tədbir iştirakçıları tərəfindən baxış keçirilib.
Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, şəhid İmanzadə Ayazın bacısı Rəna İmanzadə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin rəisi polkovnik-leytenant Zaur Salmanov, Vətən müharibəsi iştirakçısı, müəllim Vüqar Qələşov və “Gündoğar” qəzetinin redaktoru Bədirə Niftalıyeva çıxış edərək sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun Vətən müharibəsindəki qələbəsindən, Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışıblar.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində, 19-20 sentyabr tarixlərində 23 saat davam edən lokal antiterror tədbirləri zamanı mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində “Dəmir Yumruq” altında birləşərək qazanıldığından danışan Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri, qazilərin hər zaman Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif ediliblər. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunuda qeyd edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı “Zəfər Günü” bayramı münasibətilə bütün neftçalalıları və qonaqları təbrik edib.
Tədbirin sonunda Vətən müharibəsi iştirakçıları ilə xatirə fotosu çəkilib.