Neftçala rayonunda “Zəfər Günü” ilə əlaqədar ağacəkmə aksiyası və veloyürüş keçirilib
06 noyabr 2022 | 15:53
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsindəki qələbəmizin ikinci ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində 215 şəhidin xatirəsinə ağacəkmə aksiyası və veloyürüş keçirilib.
Ağacəkmə aksiyasında və veloyürüşdə Neftçala RİH-in başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəsisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan Neftçala rayonunun 215 hərbi qulluqçusunun xatirəsinə ağaclar əkilib və əziz xatirələri ehtiramla yad olunub.
“Zəfər Günü” ilə əlaqədar olaraq Neftçala RİH-in dəstəyi və Neftçala rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə təşkil olunan veloyürüşdə rayonun bir qrup veloyürüşçü iştirak edib. Veloyürüşdə fərqlənən idmançılara fəxri fərmanlar təqdim olunub.
Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti, ordumuzun gücü və qüdrəti nəticəsində 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, şəhid və qazilərimizin qəhrəmanlıqlarında danışıb. “Ağacəkmə aksiyası və veloyürüş”-ü iştirakçılarına uğurlar arzulayan RİH başçısı Zəfər Günü münasibətilə bütün iştirakçıları təbrik edib.