Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Azərbaycan təbiətinin mühafizəsində Ulu Öndər Heydər Əliyevin rolu" və “Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və “yaşıl texnologiyaların” tətbiqi” mövzularında elmi- praktiki konfrans keçirilib
31 may 2024 | 09:39
Neftçala rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Azərbaycan təbiətinin mühafizəsində Ulu Öndər Heydər Əliyevin rolu" və “Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və “yaşıl texnologiyaların” tətbiqi” mövzularında elmi- praktiki konfrans keçirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən elmi- praktiki konfransda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Kənan Kərimli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, Şuranın üzvü, BDU-nin müəllimi Kənan Kərimli, Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin şöbə müdiri Fəqan Abdulrəhmanov, QHT sədrləri və ekoloqlar Nərmin Qəribova, İradə Həsənova, “Masdar” Azərbaycan Enerji Şirkətinin İctimai Əlaqələr üzrə mütəxəsisi Yaşar Qocayev, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Elmi- praktiki konfrans iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət ediblər, önünə gül dəstələri düzüblər, ruhunu ehtiramla yad ediblər və Ulu Öndərin Heydər Əliyevin həyatını əks etdirən rəsm sərgisinə baxış keçiriblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, cənab Prezident İlham Əliyevin 25 dekabr 2023- cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmrəyliyə çağırış bir daha yaşadığımız mühitə qarşı diqqətli olmağa səsləyir, təbiətin qorunmasının vacibliyini yada salır, eyni zamanda məsuliyyətini qarşıya qoyur. Ətraf mühitin qorunması hər bir insanın fəaliyyətində vacib amil olaraq yer almalıdır. Bütün sərvətini insanlara bəxş edən, dünyaya tarazlıq, insanlara şəfa gətirən təbiətə qarşı insanların da qayğı, diqqət göstərməsi, bu ruhda yanaşması, birləşməsi günümüzün tələbidir. Təbiətə münasibət - insanlığa münasibət olaraq hər kəsi düşündürməlidir. Cənab Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi, neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalan ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqəti, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, ölkədə milyonlarla ağac əkilməsi, yeni park və xiyabanlar salınması bu sahədə ardıcıl işlərin aparılmasının təzahürü olmasını RİH-in başçısı konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Elmi- praktiki konfransda çıxış edənlər Ümummilli Liderin bütün sahələrdə, o cümlədən ekologiya sahəsində siyasətinin layiqli davamçısı, Azərbaycanın təbətinə, bioloji müxtəlifliyinə daim xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev Ulu Öndərin uzaqgörənliklə verdiyi tövsiyələrini də bütün digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirir. Bu gün dövlət başçımızın rəhbərliyi ilə Azərbaycanda ətraf mühitin, biomüxtəlifliyin qorunub saxlanmasında əldə edilmiş nailiyyətlərdə milli məfkurəyə bağlı elmi əsaslı idarəetmənin və ölkənin elmi potensialının rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ümumi sahəsi 893 min hektara çatdırılan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı ekosistemlərin, nadir fauna və flora növlərinin mühafizəsində əhəmiyyətli rol oynayır. Biomüxtəlifliyin, nadir və təhlükədə olan növlərin mühafizəsi və bərpası Azərbaycanda dövlətin ekoloji siyasətinin mühüm istiqamətlərindən və digər mövzular haqqında müzakirələr aparıblar.
Elmi- praktiki konfransın sonunda xatirə şəkili çəkilib.