Neftçala rayonunda “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik aksiyası keçirilib
7 sentyabr 2026-cı il tarixində Neftçala rayonunun Şirvanlı kəndi ərazisində yerləşən Müşfiq çimərliyində “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Aksiyası keçirilib.
Təmizlik aksiyası Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Regional İnkişaf İctimai Birliyinin könüllülərinin və “EcoHub” ekoloji platformasının könüllülərinin dəstəyi ilə baş tutub.
Aksiyanın əsas məqsədi Xəzər dənizinin və sahilyanı ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə vermək, çimərlik ərazilərinin məişət tullantılarından təmizlənməsini təmin etmək, ətraf mühitin mühafizəsinə ictimai diqqəti artırmaq və ekoloji məsuliyyətli davranışın təşviq edilməsidir. Eyni zamanda, təşəbbüs əhali arasında Xəzər dənizinin ekosisteminin qorunmasının əhəmiyyəti barədə maarifləndirmənin gücləndirilməsinə və ekoloji mədəniyyətin formalaşdırılmasına xidmət edir.
Təmizlik aksiyası çərçivəsində Müşfiq çimərliyinin ərazisi məişət tullantılarından təmizlənib, toplanan tullantılar çeşidlənərək ərazidən daşınıb.
Aksiyada iştirak edən könüllülər Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması, sahilyanı ərazilərin təmiz saxlanılması və təbiətə qayğı ilə yanaşılması istiqamətində ictimai həmrəyliyin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu cür ekoloji təşəbbüslərin keçirilməsi Xəzər dənizinin və onun sahilyanı ekosistemlərinin mühafizəsinə, tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına və cəmiyyətin ekoloji məsələlərə həssaslığının artırılmasına mühüm töhfə verir.







