Neftçala rayonunda Uşaq Səfirlər Məclisinin rayon üzrə növbəti görüşü keçirilib
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Uşaq Səfirlər Məclisinin Neftçala rayon nümayəndələrinin və öz fəallığı ilə seçilən 20 məktəblinin iştirakı ilə dəyirmi masa ətrafında görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul şəxsləri Esmira Məmmədzadə və Əliheydər Qarayev çıxış edərək bildiriblər ki, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.2.-ci bəndinə uyğun olaraq, uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisi yaradılıb və əhatə dairəsinin genişləndirilməsi məqsədilə Uşaq Səfirlər Məclisinin region nümayəndəlikləri fəaliyyətə başlayıb. Uşaq Səfirlər Məclisinin iş prinsipi, 2024-cü il üzrə fəaliyyət planı, qarşıda duran vəzifələr və görüləcək işlər barədə görüş iştirakçılarına məlumat verilib.
Uşaq Səfirlər Məclisinin Neftçala rayon nümayəndəliyi görülən işlər, həyata keçirilən tədbirlər, mart ayında Uşaq Səfirlər Məclisin region nümayəndəlikləri arasında Neftçala rayonunun ən fəal region olaraq seçildiyi barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüş qarşılıqlı müzakirələrlə həyata keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.