Neftçala rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində “Hüquqlarımızı bilək” adlı maarifləndirici görüş keçirilib
18 noyabr 2024-cü il tarixində Neftçala Rayonu İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində M.Səfərov adına Neftçala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada “Hüquqlarımızı bilək” adlı maarifləndirici görüş keçirilib.
İlk öncə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Maarifləndirici görüşdə Neftçala Rayoun İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, gimnaziyanın direktoru, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələri və məktəblilər iştirak edib.
Çıxışçılar tərəfindən 20 noyabr 1989-cu ildə BMT Baş Məclisi tərəfindən uşaq hüquqları haqqında Konvensiyanın qəbul olunduğu və 20 oktyabr- 20 noyabr tarixlərinin “Uşaq Hüquqları Aylığı” elan edildiyi, uşaq hüquqlarının qorunması, müdafiəsi, onların sağlam mühitdə böyüməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərdə əsas məqsəd aidiyyatı qurumları cəlb etməklə uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyətin daha da gücləndirilməsinə, uşaqlara diqqət və qayğının təşviqinə, bu sahədə məlumatlılığın artırılmasına xidmət edir. Eyni zamanda tədbirdə iştirak edən şagirdlərə onların hüquq və vəzifələri barədə geniş məlumat verilib.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.