Neftçala rayonunda “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi. Uşaqlara qarşı hər cür zorakılığa yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala rayonu V.Soltanov adına Kürkənd kənd ümumi orta ümumtəhsil məktəbində “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi. Uşaqlara qarşı hər cür zorakılığa yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul əməkdaşları, Neftçala rayonu V.Soltanov adına Kürkənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru, müəllimlər, psixoloqlar, valideynlər, məktəblilər iştirak edib.
Çıxışçılar tərəfindən məktəb-valideyn-şagird üçbucağının möhkəmləndirilməsinin əhəmiyyəti və uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Həmçinin, şagirdlərin üzrsüz səbəbdən dərsdən yayınması hallarının erkən müəyyən edilməsi və bu istiqamətdə preventiv tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, təhsil prosesindən kənarda qalma halları uşaqların sosial adaptasiyasına və gələcək inkişafına birbaşa mənfi təsir göstərir. Eyni zamanda çıxışlar zamanı, uşaqlara qarşı fiziki, psixoloji və bullinq xarakterli halların tamamilə istisna edilməsi üçün məktəbdə yaradılan təhlükəsiz mühitin əhəmiyyəti barədə məlumat verilib, zorakılığın hər hansı bir təzahürü ilə mübarizədə "sıfır tolerantlıq" prinsipləri xatırladılıb. Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb







