Neftçala rayonunda “Son zəng” tədbirləri keçirilib
13 iyun 2026-cı il tarixdə Neftçala rayonunun ümumtəhsil müəssisələrində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib.
Bu əlamətdar gün münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala Rayonu üzrə Təhsil sektorunun məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailə üzvləri, məzunlar və valideynlər rayonda fəaliyyət göstərən müxtəlif tam orta ümumtəhsil məktəblərdə təşkil olunan buraxılış tədbirlərində iştirak ediblər.
Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəblərdə təşkil olunan rəsmi hissələrdə gənc məzunlara, pedaqoji kollektivlərə və valideynlərə çıxışçılar tərəfindən səmimi təbriklər çatdırılıb və əldə olunan uğurlu nəticələr barədə söhbət açılıb. Çıxış edənlər müstəqil həyata ilk qədəmlərini qoyan məzunlara gələcək fəaliyyətlərində, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında uğurlar arzulayıb. Qeyd olunub ki, müasir müstəqil Azərbaycanın gələcəyi birbaşa gənclərin savadından, vətənpərvərliyindən və milli-mənəvi dəyərlərə bağlılığından asılıdır. Gənc nəslin yüksək vətənpərlik ruhunda tərbiyə olunması və ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Vətən torpaqlarının işğaldan azad edilməsinə nail olmuşuq. Ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və müasir standartlara uyğunlaşdırılması gələcəyimiz olan gənclərin yüksək ixtisaslı kadr kimi yetişməsinə böyük zəmin yaradır. Ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qeyd edilən sahələrdəki əvəzsiz xidmətləri barədə söz açılıb və bildirilib ki, həyata keçirilən bu uğurlu siyasət son illərdə rayonun elm, təhsil sahəsində yüksək nəticələrin əldə olunmasını şərtləndirmişdir. Görüşlərdə hər bir məzunun dövlətimiz üçün xeyirli və layiqli vətəndaş olacağına böyük inam ifadə edilib.
Məktəb rəhbərlikləri, müəllim və valideynlər təhsil sahəsinə, gənc nəslə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
“Son zəng” mərasimləri şagirdlərin hazırladıqları bədii-musiqili kompozisiyalar, şeirlər və rəqslərlə davam edib. Sonda məzunların doğma məktəblə vidalaşmasını və yeni həyat mərhələsinə qədəm qoymasını bildirən rəmzi "Son zəng" sədaları ucalıb.
Tədbirlərin yekununda məzunlar və müəllimlərlə birlikdə xatirə şəkilləri çəkdirilib.







