Neftçala rayonunda “Son zəng” tədbirləri keçirilib
14 iyun 2022 | 11:02
Neftçala rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirilib.
Neftçala rayonunun Xol Qaraqaşlı kənd tam orta məktəbində təşkil olunan “Son zəng” tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, məktəblilər və onların valideynləri iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən məktəbin direktoru Ruhəngiz Nəcəfova, şəhid Coşqun Xəlilovun atası müəllim Mikayıl Xəlilov, şəhid Mahmud Məlikovun atası Təhmasib Məlikov, YAP-nın sədri, Rayon Təhsil sektorunun müdiri və valideynlər məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. Şəhid ailələri, məktəb müəllimləri və şagirdlərin valideynləri təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov məzunları və pedaqoji kollektivi “Son zəng” münasibəti ilə təbrik edib, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişafın əldə olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan, Neftçala rayonunda həmçinin respublikanın müxtəlif regionlarında yüzlərlə orta məktəblərin tikilməsi, mövcud binaların əsaslı şəkildə təmir olunması, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatların aparılması haqqında məlumat verib. Məzunların dövlət səviyyəsində onlara göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklərinə əmin olduğunu bildirən RİH başçısı xalqımızın 44 Günlük Vətən müharibəsində qazandığı Zəfərimizdən, qələbə üçün döyüşən igid övladlarımızın müstəqil Azərbaycanın orta məktəblərində formalaşdığını, təlim-tərbiyə olunduğunu, vətənpərvər ruhda yetişdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Neftçala RİH başçısı Şanlı qələbəmizdə payı olan qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini, qürur duyduğunu bildirərək qeyd edib ki, Azərbaycan xalqı şəhidlərimizi hər zaman qəlblərdə yaşadacaq, igidlərimizin göstərdiyi qəhrəmanlıqlar hər zaman xalqımız tərəfindən xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaqdır.
Tədbir məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyaları ilə davam edib, sonda məzunlarla xatirə şəkili çəkilib.