Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda “Səyyar Gənclər Xidməti” layihəsinin açılış tədbiri keçirilib

16 avqust 2024 | 11:13

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə regionlarda yaşayan gənclərin dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin edilməsi məqsədi ilə hər il ənənəvi olaraq “Səyyar Gənclər Xidməti” layihəsi həyata keçirilir. 15 avqust 2024-cü il tarixdə Neftçala rayonunda Bankə qəsəbə 2 saylı tam orta məktəbində rayonda ərazisində fəaliyyət göstərən gənclər təşkilatlarının, aidiyyəti idarə və müəssisələrin məsul şəxslərinin, Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndələrinin, istedadlı gənclərin, fəal məktəblilərin iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Səyyar Gənclər Xidməti” layihəsinin açılış tədbiri keçirilib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya qurluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Neftçala Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Vasif Əliyev,  Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ülvi Adıgözəlov, Vətən müharibəsi qazisi Yusif Abdullayev bildirdilər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, gənc nəslin inkişafı naminə qəbul edilən proqramlar, onların sağlam mənəvi-ideoloji baxımdan daha da yetkinləşməsinə xidmət edən geniş tədbirlərin görülməsi, hərbçi gənclərimizin göstərdiyi şücaətlər sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğı, həmçinin Neftçala rayonunda da rayon rəhbərinin dəstəyi ilə gənclərin potensialının inkişafını şərtləndirən bir çox layihələrin icra olunduğu qeyd edilib. Çıxışçılar bildiriblər ki, Azərbaycan gəncliyi cəmiyyətimizin inkişafında, dövlətimizin və müstəqilliyimizin möhkəmlənməsi proseslərində yaxından iştirak edir və ölkəmizin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Eyni zamanda qeyd olundu ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində cari ilin iyul-oktyabr aylarında hər həftə 5 gün olmaqla, ölkənin 11 ərazi vahidində 100-dən çox kənddə yaşayan 5000-ə qədər gənc əhatə edilərək xidmət göstərilməsi nəzərdə tutulub.
Çıxışlardan sonra Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən C.İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiya təqdim olunub.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir. Layihə çərçivəsində tədbirlər Neftçala rayonunda avqust ayının 19-dək davam edəcəkdir.
   Məlumat üçün bildiririk ki, tədbirlərin davam etdiyi müddət ərzində ekologiya (COP29), vətənpərvərlik, sahibkarlıq, karyera və rəqəmsal alətlərdən effektiv istifadə mövzularında peşəkar şəxslərlə, eləcə də, bir sıra tərəfdaş qurumların nümayəndələri ilə gənclərin görüşlərinin təşkil olunması, “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyalarının, robototexnika, rəsm çəkmə,3D printer və qələm, qədim peşə (tətbiqi şəbəkə sənəti) üzrə masterklasslar, müxtəlif intellektual yarış və oyunlar  keçirilməsi, STEAM formatlı innovativ sərginin təşkili və s. nəzərdə tutulub.

Tədbirin sonunda iştirakçılar regionlarda belə bir səyyar xidmətin təşkilinə görə rayon gəncləri adından təşəkkürlər bildirilib.

Keçidlər