Neftçala rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində yenidənqurma işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan “Şəhərsalma və Memarlıq ili” çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi, Neftçala rayonunda da abadlıq-quruculuq və yenidənqurma tədbirləri ardıcıl şəkildə həyata keçirilir.
Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə şəhərsalma sahəsində həyata keçirilən siyasət yaşayış məntəqələrinin müasir tələblərə uyğun inkişafını, mövcud yaşayış fondunun yenilənməsini və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasını hədəfləyir. Bu istiqamətdə Neftçala rayonunda da bir sıra yaşayış məntəqələrində çoxmənzilli yaşayış binalarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı işlər aparılır.
Həyata keçirilən tədbirlər çərçivəsində Rayonun Aşağı Qaramanlı kəndi ərazisində yerləşən 2 mərtəbəli 3 girişli yaşayış binalarının fasad örtüyünün müasir memarlıq üslubuna uyğun şəkildə üzlənməsi, metal giriş qapılarının quraşdırılması, plastik blok pəncərələrin qoyulması işləri görülüb.
Aparılan yenidənqurma işləri yaşayış binalarının texniki vəziyyətinin yaxşılaşdırılmasına, onların dayanıqlığının artırılmasına, yaşayış məntəqələrinin ümumi memarlıq-estetik görünüşünün müasirləşdirilməsinə xidmət edir. Eyni zamanda görülən tədbirlər sakinlərin daha təhlükəsiz və rahat yaşayış şəraitinin təmin olunmasına mühüm töhfə verir.
Neftçala rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində həyata keçirilən abadlıq və yenidənqurma tədbirlərinin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.







