Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda şair Soltan Abbasın 90 illik yubileyi qeyd olundu

24 yanvar 2023 | 18:54

Yubiley tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatı, şəhid ailələri, şairlər, yazıçılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Yubileydə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şair Soltan Abbası yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, şairin bundan sonraki yaradıcılığında uğurlar arzulayıb və Soltan Abbasın özünəməxsus yaradıcılıq yolunun olmasını vurğulayıb.

Çıxış edən şairin qələm yoldaşları Azərbaycan Yazılar Birliyinin Muğan bölməsinin sədri Nəbi İbrahimoğlu, Qələbə və Ana Kür qızetinin redaktoru Rüstəm Məlikov, Xəzər Nəğmələri ədəbi birliyinin üzvləri Zabil Pərviz, Zərxanım Ülvi, Əliqulu Əliyev, yaxınları və ailə üzvləri şair Soltan Abbasın həyat  yolundan, onunla olan xatirələrindən danışıb, ədəbi yaradıcılığına nəzər salınıb.

Yubileydə Neftçala RİH başçısı və Azərbaycan Yazılar Birliyi tərəfindən şairə Fəxri Fərman, xatirə hədiyyələri təqdim olunub və şairin adına hazırlanan tort kəsilib. Yubiley tədbiri şairin həyat və yaradıcılığını özündə əks etdirən videoçarxın izlənməsi və Biləsuvar Regional Mədəniyyət İdarəsinin hazırladığı musiqi nəğmələri ilə davam edib.

Sonda 90 yaşlı şair Soltan Abbasla xatirə şəkili çəkilib.

Məlumat üçün bildiririk ki, şair Abbasov Soltan İsrafil oğlu 7 yanvar 1933-cü ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olub.  1951- 1953-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlayıb və 1953-1955-ci illərdə Boyat kənd İnzibati Ərazi üzrə nümayəndə və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləyib.

1957-1960-cı illərdə Neftçala rayonunun Xıllı qəsəbə orta məktəbində, 1960-1973-cü illərdə isə Salyan rayonunun Boyat kənd 8 illik məktəbində müəllimlik edib, 1973-1974-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri, 1991-2006-cı illərdə Boyat kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Soltan Abbas 1960-cı illərdən yaradıcılığa başlayıb. "Damcı", "Mənə çox öyrəşmə", “Tut ağacı”, “Yollar- ömür yolum”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər” və digər əsərlərin müəllifir.

Şair Soltan Abbas 1980-ci ildə “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanına, 1958-ci ildə Azərbaycan Komsomolu, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin, Fəxri Fərmanlarına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb.
Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından uzun ömür və can sağlığı arzulayırıq.

Keçidlər