Neftçala rayonunda "Şahin" hərbi-idman oyununun Şirvan-Salyan regionu üzrə zona mərhələsi keçirilib
14 may 2026-cı il tarixdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Neftçala rayon Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyununun region mərhələsi keçirilib.
Yarışın açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev və digər qurumların nümayəndələri iştirak edib.
İlk öncə xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışın açılışında çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov “Şahin” hərbi-idman oyunlarının gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi və onların hərbi işə marağının artırılmasındakı rolunu vurğulayıb. Bildirilib ki, məhz belə vətənpərvər gəncliyin yetişməsi və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız azadlığına qovuşub. Bu gün gənclərimizə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildirərək, yarış iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev çıxış edərək qeyd ediblər ki, bu oyunlar yeniyetmələrimizin gələcəkdə ordu sıralarında ləyaqətlə xidmət etmələri, hərbi texnika və silahlarla yaxından tanış olmaları baxımından müstəsna əhəmiyyətə malikdir. Bildirilib ki, əsas məqsəd fiziki cəhətdən sağlam və hər an Vətənin müdafiəsinə hazır olan vətənpərvər nəsil yetişdirməkdir. Yarışın şagirdlərin fiziki-psixoloji inkişafındakı əhəmiyyətini önə çəkən natiqlər bütün komandalara uğurlu çıxışlar arzu ediblər.
Oyun ərzində əsasnaməyə uyğun olaraq iştirakçılar sıra hazırlığı, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, çadırın qurulması, fiziki hazırlıq, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.
Qiymətləndirməyə əsasən, ən yüksək bal toplayan Şirvan komandası I yerə, Neftçala komandası II yerə, Biləsuvar komandası III yerə layiq görülüb. Qalib komandalara Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom,medal və kuboklar təqdim olunub.
Qalib gələn Şirvan komandası “Şahin” hərbi-idman oyununun final mərhələsində iştirak hüququ qazanıb.
Qalib komandaları təbrik edir, onlara uğurlar arzulayırıq.







