Neftçala rayonunda “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın, Uşaq Səfirlər Məclisin Neftçala rayonu üzrə nümayəndələrinin təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala rayonu II Qaralı kənd tam orta ümumtəhsil məktəbində “Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul əməkdaşları, Neftçala rayonu II Qaralı kənd tam orta ümumtəhsil məktəbinin direktoru, Uşaq Səfirlər Məclisin Neftçala rayonu üzrə nümayəndəsi, müəllimlər, psixoloqlar, valideynlər, məktəblilər iştirak edib.
Çıxışçılar tərəfindən dövlətin uşaq hüquqlarının qorunması sahəsindəki siyasəti və kiber mühitdəki hüquqi tənzimləmələr, müasir dövrdə uşaqların internet və sosial şəbəkələrdən istifadə zamanı qarşılaşa biləcəyi risklər, kiberbullinq, şəxsi məlumatların qorunması və təhlükəsiz rəqəmsal davranış qaydaları, ekran asılılığı, internet oyunlarının uşaq psixologiyasına təsiri barədə ətraflı məlumat verilib. Bildirilib ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması üçün həm valideynlərin, həm də müəllimlərin nəzarəti və maarifləndirici fəaliyyətləri mühüm əhəmiyyət daşıyır. Tədbir qarşılıqlı müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







