Neftçala rayonunda “Qazilərə psixoloji dəstək” layihəsi ilə əlaqədar olaraq müharibə iştirakçıları və qazilərlə görüş keçirilib
29 oktyabr 2022 | 09:06
Neftçala RİH və Neftçala RMX PHŞ-in birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Qazilərə psixoloji dəstək” layihəsi ilə əlaqədar olaraq müharibə iştirakçıları və qazilərlə görüş keçirilib.
Görüşdə Neftçala Rayonu İcra Hakimiyyəti aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, RİH-nin məsul şəxsləri, Neftçala RMX PHŞ-in direktoru, Neftçala RMX PHŞ-da Müharibə iştirakçıları ilə iş üzrə koordinasiya bölməsinin əməkdaşları, tibb işçiləri, müharibə iştirakçıları və qazilər, layihədə çərçivəsində psixoloji xidməti həyata keçirəcək psixoloqlar iştirak edib.
Layihənin həyata keçirilməsində məqsəd - qazilərdə müharibədən sonra yaranmış psixoloji travmalar və onların cəmiyyətə adaptasiyası prosesində yaşamış olduqları gərginliyin aradan qaldırılması üçün müvafiq psixoloji xidmətin göstərilməsidir.
Görüş zamanı iştirakçılara layihənin məqsədi, keçirilmə qaydası, layihə ilə əlaqədar yaradılan işçi qrupun fəaliyyət qrafiki, psixoloji xidmətdən yararlanmaq məqsədilə müraciət etmə qaydaları, seansların müddəti, eyni zamanda müharibə travmasının insanın sinir sisteminə göstərdiyi sarsıdıcı təsir, müharibədən çıxan şəxslərin emosional vəziyyətindəki dəyişikliklər, münasibətlərdə yaratdığı sıxıntılar və s. məsələlər haqqında geniş məlumat verilib.
Görüş qarşılıqlı müzakirələrlə davam etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.