Neftçala rayonunda “Qadınlara və qızlara qarşı zorakılığa YOX deyək!” mövzusu ilə bağlı 16 günlük fəallıq kampaniyası çərçivəsində növbəti görüş baş tutdu.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı ilə 25 noyabr - Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda Beynəlxalq Mübarizə günündən başlanılan və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam etdirilən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində növbəti görüş Monitorinq və əlaqələndirmə qrupu tərəfindən Şirvan-Salyan regional təhsil idarəsinin tabeliyində olan Neftçala şəhər, S.İmanov adına 1 saylı tam orta ümumtəhsil məktəbində təşkil edilmişdir. Tədbir yuxarı sinif şagirdlərinin, məktəb rəhbərliyinin, pedaqoji kollektivin iştirakı ilə baş tutdu.
Tədbirə başlamazdan öncə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə giriş sözü ilə çıxış edən Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Monitorinq və əlaqələndirmə qrupunun katibi Gövhər Məmmədova bildirmişdir ki, gender zorakılığına qarşı mübarizə ilə yalnız ailədə deyil, məktəbdə də məşğul olmalı, şagirdləri məlumatlı və həssas olmağa çağırmalıyıq. O, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qanunlar, islahatlar və dövlət proqramlarına əsasən yaradılmış “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrup”unun fəaliyyətindən və məişət zorakılığı, zorakılıq qurbanlarına dəstək mexanizmlərindən ətraflı bəhs etmişdir. Neftçala Rayon Polis ŞöbəsininYetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektoru, polis mayaro Yalçın Qafarov zorakılıq halları ilə bağlı hüquqi məsuliyyət barədə məlumat verərək bildirmişdirki, hər bir zorakılıq faktı cinayətdir və susmaq həmin cinayəti dəstəkləmək deməkdir. O, qeyd etmişdir ki, zorakılıq halları barədə məlumat vermək həm hüquqi, həm də sosial təhlükəsizlik baxımdan vacibdir. Neftçala Rayon Xəstəxanasının PHŞ-in həkim- pediatrı Büllurə Mahmudova çıxışında zorakılığın psixoloji və fiziki sağlamlığa zərərlərindən, uşaqların sağlam mühitdə böyüməklərinin əhəmiyyətidən və uşaqların sağlamlıqlarına və gigiyenalarına xüsusi diqqət yetirməklərinin vacibliyindən bəhs etmişdir. Mözunun psixoloji tərəfindən bəhs edən məktəbin psixoloqu Nahidə Mamayeva bildirmişdir ki, zorakılığa məruz qalan insanlarda depresiya, qorxu, təşviş pozuntusu, özünə inamsızlıq müşahidə olunur. Qadın və uşaqlar uzunmüddətli zorakılıq nəticəsində travma sonrası stres pozuntusu yaşayırlar. Psixoloji dəstək olmadan isə bu travmalar ömür boyu insanın həyat keyfiyyətinə mənfi təsir göstərə bilir. Məktəb rəhbərliyi isə şagirdlərin maarifləndirilməsinin vacibliyini qeyd edərək bildirmişdir ki, sağlam sosial mühitin yaradılması məktəbin əsas məqsədir və gender bərabərliyi və zorakılığa qarşı mübarizə mövzuları üzrə davamlı təlimlər vacibdir.
Daha sonra iştirakçılar tərəfindən gender zorakılığına dair hazırlanmış video çarx nümaiş olundu, mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıldı və şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu.
Tədbirin əsas mesajı bir daha vurğulandı: “Qadınlara və qızlara qarşı zorakılığa YOX deyək!”







