Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala rayonunda Peşə Məktəbi Publik Hüquqi Şəxsinin fəaliyyətə başlamasının 50 illik yubileyi münasibətilə “50 il Sizinlə” adlı Açıq Qapı Festivalı keçirilib

26 may 2025 | 18:20

26 may 2025-ci il tarixdə Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsinin fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş “50 il Sizinlə” adlı Açıq Qapı Festivalı qeyd olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin  əməkdaşları, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının və rayonun idarə müəssisə və təşkilatların rəhbərləri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin məsul şəxsləri, ətraf rayonlardan dəvət olunmuş peşə təhsili müəssisələrinin rəhbərləri, işəgötürən təşkilatların nümayəndələri, əmək bazarının tərəfdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Festival çərçivəsində əvvəlcə tədbir iştirakçıları məktəbin maddi-texniki bazası ilə tanış oldular. Müxtəlif ixtisas istiqamətləri üzrə qurulan sərgi guşələrində tələbələrin istehsalat-təlim emalatxanalarında hazırladıqları əl işləri, texniki nümunələr və praktiki bacarıqlar nümayiş etdirildi. Bununla yanaşı, tələbələrin iştirakı ilə təşkil olunmuş satış-yarmarka zonasında qida və qeyri-qida məhsulları, geyim nümunələri, dekorativ sənət nümunələri təqdim olundu. Festival çərçivəsində işəgötürənlərlə əməkdaşlıq imkanlarına dair təqdimatlar və interaktiv müzakirələr də keçirildi. Peşə təhsili müəssisələri ilə istehsalat sektorunun birgə əməkdaşlıq mexanizmləri, tələbələrin praktiki bacarıqlarının inkişafı, əmək bazarına inteqrasiya prosesləri ilə bağlı faydalı fikir mübadiləsi aparıldı.

Tədbirin rəsmi hissəsində öncə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın və ərazi bütövlüyümüzün təmin olunmasında canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında dövlətin peşə təhsilinə göstərdiyi xüsusi diqqət və qayğını xüsusi vurğuladı. Eyni zamanda müəssisənin rayon və region üçün strateji əhəmiyyətindən söz açaraq qeyd etdi ki, bu gün Neftçala Peşə Məktəbi PHŞ müasir dövrün tələblərinə uyğun kadrlar hazırlayan və əmək bazarının çağırışlarına çevik cavab verə bilən nüfuzlu bir peşə təhsil müəssisəsinə çevrilmişdir. RİH-nin başçısı təhsil müəssisəsinin kollektivini 50 illik yubiley münasibətilə təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Digər çıxış edənlər Neftçala Peşə Məktəbi PHŞ-nin direktoru Tarıyel Yaqubov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin sektor müdiri Təhminə Həmidova, Təhsil İnstitutunun peşə təmayüllü siniflərin layihə rəhbəri Arif Pənahov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Hüseyn Hüseynov 50 illik yubileyin təkcə təhsil müəssisəsi üçün deyil, həm də regionun peşə təhsili tarixində əlamətdar mərhələ olduğunu vurğuladılar. Məktəbin fəaliyyəti dövrü ərzində yüzlərlə peşəkar mütəxəssisin hazırlanmasını, dual təhsil modelinin tətbiqini, işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsini və sosial layihələrdə fəal iştirakın məktəbin nüfuzunu artıran əsas amillər olduğunu diqqətə çatdırdılar.

 

Tədbir bədii-mədəni proqramla davam etdirilib. Vətən müharibəsi qəhrəmanı Camal İsmayılovun adını daşıyan Uşaq Musiqi Məktəbinin şagirdləri, Neftçala Rayon Mədəniyyət Mərkəzinin incəsənət nümayəndələri, eləcə də Neftçala Peşə Məktəbi PHŞ-nin istedadlı tələbələri tərəfindən səsləndirilən vətənpərvərlik ruhunda şeirlər, musiqi nömrələri və səhnəciklər tədbirə xüsusi məzmun və estetik dəyər qazandırdı.

Keçidlər