Neftçala rayonunda Novruz bayramı böyük coşqu ilə qeyd olunub
Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə əsrlərin sınağından çıxmış, ən qiymətli mənəvi dəyərlərimizi özündə birləşdirən, müsəlman dünyasının hər il böyük sevinc və təntənə ilə qeyd etdiyi qədim tarixi keçmişə malik Novruz bayramı böyük coşqu ilə qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.
İlk öncə qonaqlar Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyinin və Neftçala Peşə Məktəbinin tələbələrinin Novruz bayramına həsr etdikləri adət- ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçiriblər.
Bayram tədbirində qeyd olunub ki, Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biri olan Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə yenidən siyasi hakimiyyətə qayıdışıyla Novruz bayramı yenidən Odlar Yurdu Azərbaycanımızda böyük coşqu ilə qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev hər zaman bu adət-ənənələrin davam etdirilməsinə xüsusi diqqət və qayğı göstərib. Artıq bayram tonqalları Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uğurlu siyasəti nəticəsində düşmən işğalından azad etdiyimiz torpaqlarda alovlandırılır. Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı da UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Tədbirdə Novruz bayramının bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarı olması, xalqımızın hər il bu bayramı çox təntənəli şəkildə qeyd etməsi və bayram adət-ənənələrimiz haqqında tədbir iştirakçılarını məlumatlandırılıblar.
Bayram tədbiri Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəliyi tərəfindən hazırlanan kompozisiyalar və müxtəlif musiqilərlə davam edib.