Neftçala rayonunda “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı görüş keçirilib
06 iyun 2022 | 14:29
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın 2022-ci il üçün tərtib edilən İş Planına uyğun olaraq Neftçala şəhəri Samid İmanov adına 1 saylı tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı maarifləndirici görüş keçirilib.
Görüşdə Neftçala Rayonu İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.
İlk öncə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli diqqətdə saxlanıldı. Müstəqilliyimizin ilk illərində, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükə altında, Azərbaycanın ağır durumla üz-üzə qaldığı illərdə üzləşdiyimiz çətinliyi qeyd etməmək mümkün deyil. Azərbaycan müstəqil bir dövlət kimi varlığını itirmək təhlükəsi ilə üz-üzə qaldıqda Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı. İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi olan gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə hesab olunur. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar. Prezident cənab İlham Əliyev tərəfindən narkomanlıq və narkomaniyanın qarşısının alınması üçün müxtəlif Fərmanlar, Sərəncamlar verilib və uğurla icra olunur.
Çıxış edən komissiya üzvləri bu gün ümumbəşəri bəla hesab edilən və doğru olaraq “ağ ölüm” adlandırılan narkomanlıqla mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən Qanun və Dövlət Proqramlarından, müxtəlif istiqamətlər üzrə narkomaniyaya qarşı mübarizə sahəsində Dövlət siyasətindən bəhs ediblər. Aparılan təbliğat, maarifləndirmə işlərinin əhəmiyyətini xüsusi vurğulanaraq bu sahədə əldə edilən uğurlu nəticələr nümunə göstərilib.
Görüş qarşılıqlı müzakirələr ilə davam edib və məlumatlandırma xarakterli videoçarx təqdim olunub.